Əli Həsənov: "İşğal olunmuş ərazilərimizin narkotik istehsalı və tranziti üçün istifadəsi narkobiznes və terrorizmə şərait yaradır”

Əli Həsənov: "İşğal olunmuş ərazilərimizin narkotik istehsalı və tranziti üçün istifadəsi narkobiznes və terrorizmə şərait yaradır”
# 14 mart 2016 13:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə şərait yaradır”.

APA-nın məlumatına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövryyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov Komissiyanın İşçi Qrupunun hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi”ndə dərc edilən məqaləsində yazıb.

Ə. Həsənov bildirib ki, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən Avropaya və digər ölkələrə güclü narkotik axını həyata keçirilir: "İşğal olunmuş və nəzarətdən çıxmış torpaqlarımızda narkotik tərkibli bitkilərin becərilməsi, yeni narkotiklərin sintezi üzrə laboratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması, onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır ki, bu da dünyanın bütün sivil ölkələrini düşündürməlidir".

Komissiya sədri vurğulayıb ki, narkobaronların kifayət qədər zəngin sərvətə malik olması, ölkələrin ictimai-siyasi bünövrəsini sarsıtmağa, hegemonluğa can atması dünya praktikasında presedenti olan hadisələrdir: “Belə təhlükələrlə üzləşməməyimiz üçünsə bütün cəmiyyət bilməlidir ki, narkomaniya qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər bir bəşər övladının ən müqəddəs borcu insanlığa qənim olan bu bəla ilə fəal mübarizə aparmaq olmalıdır. Çünki, yalnız mütərəqqi bəşəriyyətin səylərini birləşdirmə yolu ilə gələcək nəsilləri üçüncü minillikdə narkomaniyanın qorxunc təhlükəsindən qorumaq mümkün olacaq. Azərbaycan dövlətinin adı çəkilən problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılacaq, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaq və bu narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə işinə öz töhfəsini verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR