Bakı Ali Neft Məktəbinin tələbələri "Azərikimya"da təcrübə keçəcəklər

Bakı Ali Neft Məktəbinin tələbələri "Azərikimya"da təcrübə keçəcəklər
# 15 aprel 2016 11:22 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbi (BANM) və "Azərikimya" İstehsalat Birliyi (İB) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

BANM ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov deyib ki, imzalanan müqavilə mütəxəssis hazırlığı prosesində və biliklərin yayılmasında əməkdaşlığın həyata keçirilməsi məqsədi daşıyır. Müqavilənin əsas məqsədi Bakı Ali Neft Məktəbində bakalavriat səviyyəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və “ömürböyü təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılmasında birgə əməkdaşlıqdan ibarətdir.

İB-nin Müşahidə Şurasının sədri, deputat Muxtar Babayev bu müqavilənin gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə olan tələbələr üçün böyük rolu olacağına inamını ifadə edib. Muxtar Babayev deyib ki, rəhbərlik etdiyi İB əməkdaşlıq çərçivəsində BANM-in kampusunda neft-qaz emalı, neft-kimya, proseslərin avtomatlaşdırılması yönümlü tədris və tədqiqat mərkəzlərinin yaradılmasına təşkilati və texniki yardım göstərəcək.

Əməkdaşlıq çərçivəsində "Azərikimya" İB-in mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına neft-kimya texnologiyalarının inkişafı ilə bağlı məruzələr təqdim ediləcək. Neft-qaz emalı, neft-kimya və idarəetmə texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş birgə seminar və konfranslar təşkil olunacaq. İB-in mütəxəssisləri tərəfindən BANM-də “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılması məqsədilə qarşılıqlı əməkdaşlıqda bir sıra işlərin görülməsi, o cümlədən İB-in mütəxəssisləri tərəfindən mütəxəssis hazırlığı və elmi fəaliyyətlə bağlı BANM-də hazırlanmış layihələrə ekspert rəylərinin verilməsi müqavilədə öz əksini tapıb.

Xatırladaq ki, ötən yay BANM-in 42 nəfər “Kimya mühəndisliyi” ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində "Azərikimya" İB-in strukturlarında istehsalat təcrübəsi keçiblər. Onlardan 17 nəfəri isə, 2 ay müddətində ödənişli əsaslarla təcrübə keçərək maaşla təmin olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR