Sürüşmə sahələrində aktivlik artıb

Sürüşmə sahələrində aktivlik artıb
# 02 fevral 2016 11:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Ötən ay Bayıl sürüşmə sahəsində monitorinq işləri davam etdirilib. Atmosfer çöküntülərinin təsirindən sürüşmə sahəsinin dinamikasında nisbi aktivləşmə qeydə alınıb. İstinad divarlarında və quraşdırılmış mayaklarda 3 milli metrə yaxın genişlənmələr müşahidə olunub”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, yanvar ayında Əhmədli-Günəşli arası sürüşmə sahəsində aparılan monitorinq zamanı atmosfer çöküntülərinin təsirindən sürüşmə kütləsi üzərində və istinad divarlarında olan çatların 4 milli metrə qədər genişlənməsi qeydə alınıb: “Zığ-1 sürüşmə sahəsində 43 saylı binada quraşdırılmış mayaklarda 1 santimetrə qədər yaxın genişlənmə müşahidə olunub. Qaraçuxur sürüşmə sahəsindəki mayaklarda isə təxminən 2-3 milli metr çatlar əmələ gəlib”.

Ə. Qaralov əlavə edib ki, ötən ay Gədəbəy rayonunda Şahdağ sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik qeydə alınıb: “Gədəbəy rayonunun Pirdağ və Arıqıran sürüşmə sahələrində də nisbi aktivlik qeydə alınıb. Eyni zamanda, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində, Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı kilometrliyində, Qusar-Sudur avtomobil yolunun 37-ci kilometrliyindəki sürüşmə sahələrinin dinamikasında nisbi aktivlik müşahidə olunub”.

Ekspedisiya rəisi qeyd edib ki, yanvar ayında Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyindəki bir neçə sürüşmə sahəsində də nisbi aktivlik baş verib: “Şamaxı rayonunun Qaravəlli sürüşmə sahəsində bərkidilmiş topoqrafik reperlərdə təxminən 2 santimetr ölçüsündə yeni çatlar əmələ gəlib. Muğanlı sürüşmə sahəsindəki mövcud çatların ölçülərində qismən də olsa genişlənmələr müşahidə olunub. İsmayıllı rayonu üzrə Muğanlı–İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərindəki yolboyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer çöküntülərinin təsiri nəticəsində sürüşmə sahələrində mövcud çatlar genişlənib. Yolun 23-24-cu kilometrliyində quraşdırılmış topoqrafik reperlərdə 1 santimetr hərəkət müşahidə olunub. İsmayıllı rayonunun Zərnəva sürüşmə sahəsində qrunt sularının təsirindən aktivlik qeydə alınıb”.

Ə. Qaralov onu da qeyd edib ki, yanvar ayında Mingəçevir şəhəri, Xızı rayonu, Ağsu rayonu üzrə Gürcivan və Masallı rayonu üzrə Güllütəpə sürüşmə sahələrində stabillik müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR