Ankarada törədilmiş partlayışda ölənlərin sayı 95-ə çatıb- YENİLƏNİB - FOTOSESSİYA

Ankarada törədilmiş partlayışda ölənlərin sayı 95-ə çatıb- YENİLƏNİB - FOTOSESSİYA
# 10 oktyabr 2015 23:55 (UTC +04:00)

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, terror nəticəsində yaralananlardan 48 nəfəri ağır olmaqla 246 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur. Ölənlərdən 52 nəfərin şəxsiyyəti müəyyənləşib.

*****

10 oktyabr 18.45

Bakı - APA. Türkiyənin paytaxtı Ankarada baş verən terror aktı qurbanlarının sayı 86-ya çatıb.

APA-nn xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu bildirib.

Nazirin sözlərinə görə, hazırda xəstəxanalarda 186 nəfər yaralı var ki, onlardan 28-nin vəziyyəti ağırdır.

***

Saat 16:47

Bakı - APA. Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 47-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə "Hürriyet" qəzetinə Ankaranın Baş prokuroru Harun Kodalak bildirib.

Baş prokurorun sözlərinə görə, 30 nəfər hadisə yerində, 17 nəfər isə xəstəxanalarda dünyasını dəyişib.

"Xəstəxanaya yerləşdirilən yaralıların bir çoxunun vəziyyəti kritikdir. Ölənlərin sayının artacağından qorxuruq", - deyə H. Kodalak bildirib.

***

Saat 14:43

Bakı - APA. Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində azı 30 nəfər ölüb, 126 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu rəqəmləri Türkiyənin Daxili İşlər Nazirliyi açıqlayıb.

Partlayışlar “Əmək, barış və demokratiya” mitinqi keçirmək üçün Ankara dəmir yolu stansiyası önündən Sıhhiye meydanına doğru yürüşə keçmək istəyən kütlənin Gənclik Parkında toplanması zamanı törədilib. Terrorun insanlar halay çəkərkən (yallı) kamikadze tərəfindən törədildiyi bildirilir, ətrafda cəsəd parçaları var. Əraziyə çoxlu sayda təcili yardım maşını göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara daşınıb.

Hadisədən sonra Türkiyə rəhbərliyi və siyasi liderlər öz gündəlik proqramlarını ləğv ediblər. Baş nazir Əhməd Davudoğlu daxili işlər və səhiyyə nazirlərindən hadisə ilə bağlı məlumat alıb. O, qarşıdakı 3 gün ərzində Kayseri, Trabzon və Şanlıurfada planlaşdırılan seçki təbliğat mitinqlərini ləğv edib. Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı proqramını ləğv edərək paytaxta dönməyə qərar verib. CHP lideri Kamal Kılıçdaroğlu, HDP liderləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da mitinq proqramlarını ləğv edərək Ankaraya dönmək qərarına gəliblər.

Qeyd edək ki, Türkiyənin bir sıra həmkarlar təşkilatları bu gün Ankarada “Əmək, barış, demokratiya” devizi ilə mitinq təyin ediblər. Aksiyaya əsasən müxalif fikirli və sol yönümlü vətəndaşların qatılacağı gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR