Nazir: “Azərbaycan Rusiyaya ixracı artırmaq niyyətindədir”

Nazir: “Azərbaycan Rusiyaya ixracı artırmaq niyyətindədir”
# 08 avqust 2016 13:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan-Rusiya İşgüzar Şurası iki dövlət başçısının tapşırığı ilə yaradılıb.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, şuranın məqsədi Azərbaycan və Rusiya iqtisadi, o cümlədən işgüzar dairələrin əlaqələrinin daha da genişləndirilməsi və sürətləndirilməsi məqsədi ilə yaradılıb: “Azərbaycan və Rusiyanın əlaqələri uğurla inkişaf edir. Bizim ölkələr strateji səviyyədə tərəfdaşlıq edirlər. İqtisadi sahədə bizim əlaqələr çox uğurludur. Qarşılıqlı investisiyaların həcmi ilbəil artır”.

Bununla belə nazir qeyd edib ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilin 6 ayında ticarət dövriyyəsinin həcmi bir qədər aşağı düşüb: “Ancaq xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı artıb. Belə ki, bu ilin altı ayı ərzində meyvə-tərəvəz ixracı 45 faiz artıb. Bu, bizi sevindirir. Amma bizim potensialımız daha çoxdur”.

Nazir vurğulayıb ki, bu cür biznes forumlar və işgüzar görüşlər keçirməkdə məqsəd Azərbaycandan Rusiyaya ixrac edilən məhsulların həcmini artırmaqdır: “Eyni zamanda da, xüsusilə qeyri-neft sektoruna investisiyalar cəlb etmək niyyətimiz var. Bu İşgüzar Şuranın əsas məqsədi məhz Azərbaycana investisiyaların təşviq olunması, Azərbaycanın ixrac potensialının artırılması və Rusiya bazarının bizim üçün əhəmiyyətli olduğunu nəzərə alaraq bu istiqamətdə Azərbaycan məhsullarının ixracını artırmaqdır. Eyni zamanda, şuranın vəzifələrinə birgə investisiyaların təşviqi də aiddir”.

Ş. Mustafayev qeyd edib ki, şura bu istiqamətlər üzrə çox effektiv fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR