Azərbaycan baş nazirinin müavini Tiflisdə "İpək Yolu Forumu"nda çıxış edib - FOTOSESSİYA

Azərbaycan baş nazirinin müavini Tiflisdə "İpək Yolu Forumu"nda çıxış edib - <span style="color: red;">FOTOSESSİYA
# 15 oktyabr 2015 15:09 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Son iki ildə Cənubi Qafqaz regionundan yüklərin daşınması 35 faiz azalıb. Bunun obyektiv və subyektiv səbəbləri var. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi yük daşımalarının keyfiyyətini artıracaq”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Abid Şərifov Gürcüstan paytaxtında keçirilən “Tiflis İpək Yolu” Forumunda çıxışı zamanı deyib.

A. Şərifov Forum iştirakçılarına Azərbaycan prezidentinin təbrikini çatdırıb. Tədbirin vacibliyini vurğulayan A. Şərifov İpək Yolunun Azərbaycan ərazisindən də keçdiyini xatırladıb: "Azərbaycan özünün coğrafi mövqeyinə görə mərkəzi nəqliyyat şəbəkəsi sayılır. Son 10 ildə ölkəmizdə nəqliyyat sahəsinin inkişafına 15 milyard dollar xərclənib. Ötən illər ərzində Azərbaycanda yükdaşımaların həcmi çoxalıb. Əgər 1995-ci ildə Azərbaycandan 335 min ton yük daşınıbsa, son illərdə tranzit yüklərin həcmi 10-12 milyon tona çatıb".

A. Şərifov tədbir çərçivəsində bir çox ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə, o cümlədən ABŞ Ticarət Palatasının sədr müavini və Gürcüstan regional infrastruktur naziri ilə görüşüb.

Forumda çıxış edən Gürcüstan baş naziri İrakli Qaribaşvili isə bu tədbirin Gürcüstan üçün unikal imkan olduğunu bildirib: "Forumun keçirilməsi həm Gürcüstan, həm də digər ölkələr üçün vacibdir. İpək Yolunun Tiflis Forumu dostluq əlaqələrini gücləndirəcək. Bu tarixi yolun imkanlarından təkcə Gürcüstan deyil, bütün iştirakçı ölkələr istifadə edəcək".

Qeyd edək ki, Foruma 32 ölkənin hökumət nümayəndələri qatılıb. Forumun yekunlarına əsasən əməkdaşlıq haqqında bəyannamənin qəbul olunacağı gözlənilir. Forum Gürcüstan hökuməti və Çin Xalq Respublikasının təşkilatçılığı və Asiya İnkişaf Bankının dəstəyi ilə keçirilir.

Onu da əlavə edək ki, səfər çərçivəsində A. Şərifovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib. A. Şərifov Tiflisdəki M.F. Axundov adına Mədəniyyət Muzeyinə, SOCAR-Georgia şirkətinin baş ofisinə və Azərbaycan səfirliyinə baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR