Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri: “Kimsə indidən keçirəcəyimiz “exit-poll”un nəticələrini şübhə altına alırsa, qərəzlidir”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri: “Kimsə indidən keçirəcəyimiz “exit-poll”un nəticələrini şübhə altına alırsa, qərəzlidir”
# 23 oktyabr 2015 08:41 (UTC +04:00)

“Rəsmi partnyorumuz ABŞ-ın “AJF&Associates, İnc.” şirkəti dünyada tanınmış təşkilatdır, reputasiyası üzərində əsir”

Bakı. Ramiz Mikayıloğlu-APA. 2013-cü ildə keçirilən prezident seçkilərində olduğu kimi, bu il də Milli Məclisə noyabrın 1-də baş tutacaq seçkilərdə “exit- poll” keçiriləcək. Bu dəfə də bu araşdırmanın sifarişçisi "APA Holding"ə daxil olan Azəri-Press Agentliyi (APA), icraçısı isə “AJF&Associates, İnc.”, yerli tərəfdaş isə Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov APA-ya açıqlamasında bildirib ki, “exit-poll” müasir seçki sisteminin ayrılmaz tərkib hissəsidir.

“Exit-poll” seçki günü seçki məntəqələrinin qarşısında xüsusi metodologiya ilə anonimlik əsasında seçicilərin rəylərinin öyrənilməsi deməkdir. “Exit-poll” un keçirilməsinin əsas məqsədi seçki məntəqəsinin çıxışında rəy sorğusu keçirməklə səsvermədə iştirak etmiş seçicilərdən əldə olunmuş məlumatlar əsasında ictimaiyyəti səsvermənin ilkin nəticələri ilə və elektorat barəsindəki təqribi statistik məlumatlarla tanış etmək, habelə səsvermənin nəticələri haqqında operativ proqnozlar müəyyənləşdirməkdən ibarətdir. Seçkinin ilkin nəticələri açıqlanmadan da “exit-poll”un nəticələri açıqlanır. Rəsmi nəticələrlə “exit-poll”un nəticələri üst-üstə düşməsi “exit-poll”u təşkil edən təşkilatın yüksək peşəkarlığı kimi səciyyələndirir. Son illərdə Azərbaycanda keçirilən seçkilərdə müxtəlif təşkilatlar tərəfindən “exit-poll” təşkil olunub, bu seçkilərdə də “exit-poll” keçirəcək təşkilatlardan biri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll”u dünyada bu sahədə xüsusi təcrübəsi olan ABŞ-ın “AJF&Associates, İnc.” təşkilatının yardımı ilə təşkil edir: “ABŞ-ın “AJF&Associates, İnc.” təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasına müraciət edib, bizi rəsmi partnyor kimi seçkilərdə “exit-poll” keçirməyə dəvət edib, razılaşmışıq. “ “Exit-poll”la əlaqədar hüquqi çərçivənin müəyyənləşdirilməsi, Mərkəzi Seçki Komissiyasına müvafiq sənədlərin hazırlanıb verilməsi və “exit-poll” keçirəcək təşkilat kimi bu qurumda akkreditasiyadan keçilməsi, insan resurslarının cəlb olunması, təşkilati və texniki işlər Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən həyata keçirilir. “Exit-poll”un hansı metodologiya ilə və necə keçirilməsini isə ABŞ-ın “AJF&Associates, İnc.” təşkilatı müəyyənləşdirir. Artıq əvvəllər Azərbaycanda “exit-poll” keçirilməsində iştirak etmiş, bu sahədə təcrübəsi olan insan resursu da bu prosesə cəlb olunub. Ümid edirəm ki, obyektiv, qərəzsiz “exit-poll” keçirəcəyimizə hər kəs əmin olacaq”.

“ABŞ-ın “AJF&Associates, İnc.” təşkilatının Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını rəsmi partnyor kimi seçməsinin səbəbinə gəlincə, S. Məmmədov deyib ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası yarandığı dövrdən – 1990-cı illərdən seçki proseslərində çox fəal olub: “Onu da qeyd edim ki, mən özüm vaxtı ilə Azərbaycanda 58 seçki məntəqəsi, 300 min seçicinin yaşadığı ən böyük seçki dairəsinin – Yasamal Seçki Dairəsinin sədri olmuşam. Sonrakı dövrlərdə də seçki məntəqələrində tanınmış namizədlərin vəkili olmuşam, bu sahədə bir neçə metodiki vəsaitin müəllifiyəm. Son illərdə də seçkilərdə bu və ya digər şəkildə iştirak edirəm, əvvəlki seçkilərdə də təşkilatımızın nümayəndələri müxtəlif təşkilatların keçirdikləri “exit-poll”larda iştirak edib, yaxud seçkilərdə müşahidəçi qismində iştirak etmişik. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası da təşkilat kimi vaxtilə sonradan Seçki Monitorinq Mərkəzi kimi tanınan koalisiyanın təsisçilərindən biri idi və 10 ilə qədər həmin Mərkəzdə fəaliyyət göstərib. Ancaq bəzi qərəzli KİV-lər yazır ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının seçki sahəsində təcrübəsi yoxdur. Bizim təşkilat Azərbaycanda seçkilərlə bağlı ən təcrübəli təşkilatlardan biridir və bu baxımdan təsadüfi seçilməmişik. Sadəcə, ilk dəfədir ki, “exit-poll” keçirilməsinin təşkili ilə bağlı işə rəhbərlik edirik. Seçki tək “exit-poll”dan ibarət deyil, seçkinin monitorinqindən tutmuş təşkilinə qədər prosesdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Liqanın rəhbərləri, üzvləri iştirak ediblər”.

S. Məmmədov qeyd edib ki, “exit-poll” 118 seçki dairəsində 1053 seçki məntəqəsini əhatə edəcək: “Naxçıvan Muxtar Respublikasındakı dairələr istisna ilə, bütün dairələrdə “exit-poll” təşkil olunacaq”.

“Exit-poll” keçirilməsi ilə bağlı prosesə ekspert qismində cəlb edilmiş İradə Həsənova APA-ya açıqlamasında nəzərə çatdırıb ki, seçki dairələrində “exit-poll” keçirmək üçün hər dairədə 5 seçki məntəqəsindən biri götürülüb: “Elmi metodologiya və ABŞ-ın “AJF&Associates, İnc.” təşkilatının təşəbbüsü ilə dairələr üzrə seçki məntəqələri arasında püşkatma ilə “exit-poll” keçiriləcək seçki məntəqələrini seçmişik. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçənə qədər yalnız insan resursu bankının yaradılması və reyestrinin aparılması işlərini həyata keçirib. Hazırda bölgələrdə supervayzerlərin, intervü götürəcək şəxslərin yüksək səviyyədə təlimatlandırılması prosesi gedir”.

S. Məmmədov “exit-poll”la əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə rəsmi partnyorları ABŞ-ın “AJF&Associates, İnc.” təşkilatı arasında vəzifə bölgüsünün dəqiq müəyyənləşdiyini vurğulayıb: “Rəsmi partnoyorumuz “exit-poll”la əlaqədar metodologiyanı hazırlayır və biz birgə işləyirik. Birgə işləyirik, birgə məsuliyyət və reputasiya məsələsi var. ABŞ-ın “AJF&Associates, İnc.” şirkəti “exit-poll” keçirilməsi sahəsində dünyada neytrallıqda ad çıxarmış, böyük imic qazanmış təşkilatdır və bir şirkət olaraq dünyada qərəzsizliyinə görə sifarişlər alır. Qarşıya qoyduqları vəzifə də seçkilərin gözlənilən real nəticələrini öncədən açıqlamaqdır. Rəsmi partnyorumuzun müəyyənləşdirdiyi metodologiya əsasında “exit-poll” sorğuları keçiriləcək və nəticələri ictimaiyyətə açıqlanacaq. Bu nəticələri də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və rəsmi partnyorları ABŞ-ın “AJF&Associates, İnc.” təşkilatı ilə birgə açıqlayacağıq. Kimsə indidən keçirəcəyimiz “exit-poll”un nəticələrini şübhə altına alırsa, bunu qərəzdən edir. Bu, təkcə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının keçirdiyi “exit-poll” deyil. İnanıram ki, bu işin öhdəsindən gələcəyik. Rəsmi partnoyrumuz olan ABŞ-ın “AJF&Associates, İnc.” şirkəti reputasiyasının üzərində əsir və dünyada seçkiqabağı rəyin öyrənilməsi və “exit-poll”ların keçirilməsi sahəsində sifarişlər alan bir təşkilatdır”.

S. Məmmədov “exit-poll”la əlaqədar maliyyə resurslarının idarə edilməsini ABŞ-ın “AJF&Associates, İnc.” təşkilatının öz üzərinə götürdüyünü də açıqlayıb: “Bu təşkilat maliyyə ilə bağlı məsələni kommersiya sirri kimi saxlayırlar. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən “Exit-poll” keçirilməsinə hazırlıq və “exit-poll” keçirilməsi ilə bağlı yaranan xərclər qeyd olunacaq və iki təşkilat arasında bağlanmış müqavilə əsasında bizim tərəfdən sorğu verilməklə həmin xərclər rəsmi partnyorumuz tərəfdən ödəniləcək. Münasibətlər tam hüquq çərçivəsində və legitim əsaslarladır. Bu məsələdə maliyyə resursları üzərində sərəncam vermək hüququ ABŞ-ın “AJF&Associates, İnc.” təşkilatına məxsusdur".

S. Məmmədov onu da bildirib ki, seçki günü keçiriləcək “exit-poll” zamanı seçki məntəqələrində intervü götürənlər səhər saat 8-dən başlayaraq 3 saatdan bir olmaqla, saat 11:00, 14:00 və 17:00-da məlumatları çatdıracaqlar: “Biz informasiyaları toplayıb, nəticələri hazırlayıb, seçki bitəndən 2 saat sonra, saat 21:00-da “exit-poll”un nəticələrini ictimaiyyətə açıqlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR