Azərbaycanla Macarıstan iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır

Azərbaycanla Macarıstan iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır
# 15 oktyabr 2015 07:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri İmre Laslotskini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev Azərbaycana səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Bildirib ki, qarşılıqlı dostluq prinsipləri üzərində qurulan Azərbaycan-Macarıstan əlaqələri iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdirilir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti əhəmiyyətlidir. Komissiyanın iclasları çərçivəsində kənd təsərrüfatı, energetika, tikinti, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Görüşdə Ş. Mustafayev Azərbaycan və Macarıstan arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

İ. Laslotski fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində səy göstərəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR