Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək

Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək
# 30 sentyabr 2015 10:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Oktyabrın 1-dən 7-dək Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək. Nizami kino Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbir Rusiya Mədəniyyət Nazirliyi, “Kinofest” prodüser mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunacaq.

Açılış mərasimi Nizami kino Mərkəzində keçiriləcək.

Mərasimdə Rusiya mədəniyyətinin tanınmış simaları “Kinofest” Prodüser Mərkəzinin baş direktoru Sergey Braqin, Rusiyanın Xalq artisti Boris Şerbakov, aktyorlar Valeriya Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, Denis Şvedov, prodüserlər Ekaterina Filippova, Dmitri Savinskiy və rejissor Aleksey Pimanov iştirak edəcəklər.

Kino-həftə, rejissor Renat Davletyarovun ekranlaşdırdığı “Üfüqlər burda sakitdir...” filminin yeni versiyasının nümayişi ilə başlanacaq.

Kino-həftə çərçivəsində rejissor Oleq Asadulinin fantastik dram janrında çəkdiyi və premyerası Bakıda baş tutacaq “Zelenaya kareta” filmi də nümayiş olunacaq.

Kino-həftənin üçüncü günü “Oveçka Dolli bıla zlaya i rano umerla” filminin rejissoru Aleksey Pimanovun nümayişdən qabaq, tamaşaçılarla görüş keçirəcəyi nəzərdə tutulub.

Proqrama Aleksey Voytinskinin çəkdiyi “Prizrak” komediyası, Dmitri Mesxiyevin hərbi-tarixi dram janrında çəkdiyi “Batalyon” filmi və rejissor Artyom Aksenenkonun “Neulovimıye” və Yaroslav Çevajevskinin “Mama daraqaya” komediyaları daxil edilib.

Nizami kino Mərkəzində Rusiya kino-həftəsi çərçivəsində nümayiş olunacaq filmlərin seansları hər gün saat 18.40-da kino Mərkəzin böyük zalında başlayacaq.

Filmlərə giriş sərbəstdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR