İsrail səfiri Astarada olub

İsrail səfiri Astarada olub
# 08 sentyabr 2016 18:16 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. İsrail dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav cənub bölgəsinə səfəri çərçivəsində sentyabrın 7-də Astara rayonunda olub.

APA-nın cənub bürosunun məlumatına görə, Astara Rayon İcra Hakimiyyətində (RİH) keçirilən görüşdə icra başçısı Qəzənfər Ağayev səfirə Astaranın qədim tarixi, rayonun coğrafi mövqeyi, adət-ənənələri, mədəniyyəti haqqında məlumat verib. Rayon iqtisadiyyatının əsasını təşkil edən çayçılığın, sitrusçuluğun, çəltikçiliyin, tərəvəzçilik və heyvandarlığın inkişafı istiqamətində son illərdə həyata keçirilən tədbirlər, aqrar bölmənin dirçəldilməsi üçün atılan addımlar barədə ətraflı söz açan Q.Ağayev həmçinin rayonda xarici turizmin inkişafına diqqətin artırıldığını bildirib.

Səmimi qəbula və qonaqpərvərliyə görə icra başçısına minnətdarlıq edən Dan Stav İsrail-Azərbaycan dövlətləri arasında getdikcə inkişaf edən ikitərəfli əməkdaşlığın hər iki ölkəyə böyük faydalar verəcəyini söyləyib. Asiya-Avropa ölkələrini birləşdirən, Azərbaycanda reallaşan Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan dəmir yolunun istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm və kənd təsərrüfatı sahəsində mütəxəssis mübadiləsinin faydalı olacağını vurğulayıblar.

Sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Səfərinin sonunda Dan Stav Astara şəhərində Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi və “Astaraçay” MMC-nin çay fabriki, “Çay muzeyi” və çay plantasiyası ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR