Komitə sədri: “İŞİD kimi dini radikal qruplara qarşı birgə təbliğat aparılmalıdır”

Komitə sədri: “İŞİD kimi dini radikal qruplara qarşı birgə təbliğat aparılmalıdır”
# 12 may 2016 11:33 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda səfərdə olan İranın İslami Əlaqələr və Mədəni Təşkilatının sədri Abuzər İbrahimi Türkomanla görüşüb.

APA-nın məlumatına görə, M. Qurbanlı deyib ki, İran-Azərbaycan münasibətlərində heç bir problem yoxdur.

İran nümayəndə heyətinin bu dəfə Şamaxıda olacağını xatırladan M. Qurbanlı İ. Türkomanı növbəti dəfə Gəncəyə səfər etməyə dəvət edib.

M. Qurbanlı İŞİD kimi dini radikal qruplara qarşı təbliğat müstəvisində birgə mübarizənin zəruri olduğunu bildirib: “İŞİD kimi bəlaya qarşı mübarizəni bir ölkə aparmalı deyil. Beynəlxalq müstəvidə də konfranslar, tədbirlər keçirilməlidir. Ən yaxşı yol insanları inandırmaqdır”.

M. Qurbanlı Dağlıq Qarabağ probleminə də toxunub: “SSRİ dövründə Dağlıq Qarabağa ona görə muxtariyyət verilmişdi ki, tarixi Azərbaycan torpaqları olan hazırkı Ermənistanda yaşayan 300 min azərbaycanlıya muxtariyyət verilsin. Ancaq Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməyib. Digər tərəfdən, Dağlıq Qarabağ muxtar vilayətinin sahəsi 4,4 min kv.km olub. Dağlıq Qarabağla bərabər əlavə olaraq ətraf rayonlar işğal edilib. Başqa sözlə, sahəsi 13 min kv.km olan ətraf rayonların ərazisi işğal olunub. Azərbaycan təklif edir ki, ətraf rayonlar qaytarılsın, Dağlıq Qarabağın statusu barədə müzakirə aparaq. Ermənistan isə deyir ki, o rayonları qaytarmırıq, onlar təhlükəsizlik zonasıdır. Buna görə də Azərbaycan ordusu Ermənistana gücünü göstərdi, Ermənistan Rusiyadan, Azərbaycandan xahiş etdi ki, əməliyyatlar dayandırılsın. İndi danışıqlar gedir, yenə də Ermənistan gah rayonları qaytarmaq, gah da qaytarmamaq barədə fikirləşir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmasa, yenə də Azərbaycan müharibə yolu ilə torpaqlarını qaytaracaq. İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, buna görə İrana təşəkkür edirik”.

Keçən il Azərbaycan və İran prezidentləri arasında keçirilən görüşləri xatırladan İ. Türkoman isə iki ölkə arasında münasibətlərin inkişaf etdiyini söyləyib: “İran Azərbaycanla mədəni əlaqələrin inkişaf etməsini istəyir. Hazırda Azərbaycanda İran kino günləri keçirilir. Mayın 22-də Təbrizdə Azərbaycan məscidlərinin şəkillərinin sərgisi keçiriləcək”.

Müsəlman dünyasında nifaq salmağa çalışanların olduğunu qeyd İ. Türkoman belə dövrdə İranla Azərbaycan arasında münasibətlərin inkişafının önəmli olduğunu bildirib. O, İslam dininin sülh dini oduğunu vurğulayıb: “Mən Azərbaycan tamaşalarına, filmlərinə həmişə baxmışam. Məsələn, “Qaynana” tamaşasına dəfələrlə baxmışam. Ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi vacibdir”.

M. Qurbanlı gələcəkdə idman, futbol sahəsində əlaqələrin, yoldaşlıq oyunlarının keçirilməsinin önəmini vurğulayıb.

Görüş müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR