“ASAN xidmət” mərkəzlərində intizam tənbehi qüvvədə olan işçilər mükafatdan məhrum ediləcəklər

“ASAN xidmət” mərkəzlərində intizam tənbehi qüvvədə olan işçilər mükafatdan məhrum ediləcəklər
# 12 aprel 2016 10:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kollegiyası “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə Qaydası”nı təsdiqe edib.

APA-nın məlumatına görə, bu Qayda Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə qaydasını müəyyənləşdirir. Bu xüsusi vəsait “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 25 faizini təşkil edən və Dövlət Agentliyinin xəzinə hesabına daxil olan vəsaitdir. Hər ay ayrılan xüsusi vəsaitin bölgüsü Dövlət Agentliyinin aparatında Dövlət Agentliyinin sədrinin, “ASAN xidmət” mərkəzlərində direktorların əmri əsasında həyata keçirilir. Mükafat hesablanarkən iş günləri hesabına qalıq qalan xüsusi vəsait yenidən faktiki iş günü olan işçilər arasında sabit nisbətdə bölünür. Dövlət Agentliyinin əməkdaşı barəsində yazılı qaydada xəbərdarlıq edildikdə növbəti ay üçün həmin əməkdaşa bu Qaydaya uyğun müəyyən edilən mükafatdan 30% nisbətində, cari il içində təkrar yazılı qaydada xəbərdarlıq edildikdə 50% nisbətində, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində isə 100% nisbətində azaltma tətbiq edilməklə hesablama aparılır. Dövlət Agentliyinin aparatı və “ASAN xidmət” mərkəzləri üzrə hər ay formalaşan xüsusi vəsaitdən 5%-dək məbləğ işçilərə qanunvericilikdə nəzərdə tutulan fərdi mükafatların ödənilməsi üçün ayrılır.

Hər ay üzrə formalaşan xüsusi vəsaitin 18%-i Dövlət Agentliyinin aparat işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə ayrılır. Əmsalın hesablanması üçün xüsusi vəsaitin hər ay üçün Dövlət Agentliyinə ayrılan qismi Dövlət Agentliyinin aparatının işçilərinin (vakant ştat vahidləri istisna olmaqla) aylıq vəzifə maaşlarının məbləğlərinin cəminə bölünür. Miqrasiya xidmətlərindən formalaşan xüsusi vəsaitdən Dövlət Miqrasiya Xidmətinə ayırmalar aparıldıqdan sonra qalan xüsusi vəsait (67%) “ASAN xidmət” mərkəzləri arasında xüsusi çəki üzrə bölünür və hər mərkəz üzrə digər xidmətlərdən formalaşan vəsaitlə toplanır. Dövlət Miqrasiya Xidmətinin “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər nəticəsində hər ay üzrə formalaşan xüsusi vəsaitin 33%-i “ASAN xidmət” mərkəzlərində xidmət göstərən Dövlət Miqrasiya Xidmətinin işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə ayrılır. “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçiləri üçün hesablanan əmsal hesabat ayında nəzarət və qiymətləndirmə nəticəsində aldığı hər müsbət bala görə 1% artırılmaqla, hər mənfi bala görə isə 3% azaldılmaqla (çıxılmaqla) müəyyən edilir. Mobil “ASAN xidmət” üzrə yığılan xüsusi vəsaitin həmin xidmətdə iştirak edən digər dövlət orqanlarına ayrılan qisminin hesablanması və bölgüsü 80-20% nisbətdə aparılır. Mobil “ASAN xidmət”də iştirak edən işçinin mükafatı xidmətdə iştirak etdiyi müddətə uyğun hesablanan məbləğlə işlədiyi müvafiq struktur bölmədəki vəzifəsi üzrə ona ayrılacaq məbləğin toplanması ilə müəyyən edilir. Xüsusi vəsaitin istifadəsinə nəzarət öz səlahiyyətləri daxilində Dövlət Agentliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR