Qəbələdə Kubanın “Jovenes Clasikos Del Son” Ansamblının konserti olub

Qəbələdə Kubanın “Jovenes Clasikos Del Son” Ansamblının konserti olub
# 02 avqust 2016 20:09 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir. APA-nın yerli bürosunun xəbərinə görə avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq havadakı səhnədə Kubanın “Jovenes Clasikos Del Son” Ansamblının konserti olub. Konsertdə məlumat verilib ki, “Jovenes Clasikos Del Son” Ansamblının əsası 1904-cü ildə qoyulub. Qrup ənənəvi septet instrumental quruluşdadır. Akustik bas, tres, gitara, trampet, konqo, bonqolar və vokalistlərdən ibarət ansambl Kuba musiqisinin yeni qüvvəsi kimi təqdim edilir. Kubalı solistlər ənənəvi və müasir dünya musiqisindən bəhrələnərək zəngin salsa, son və digər Latın ritmlərini eklektik şəkildə birləşdiriblər.

Konsertdə “Jovenes Clasikos Del Son” Ansamblının möhtəşəm çıxışı festival iştirakçılarına xoş anlar yaşadıb. Səhnədə interpretasiya gücü ilə seçilən “Jovenes Clasikos Del Son” qrupu konsertdə insanları oynamağa sövq etməyi bacarıb.

Həmçinin, festivalın proqramına uyğun olaraq avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzindəki kamera zalında Azərbaycanın Avstriyadakı səfiri olmuş və 2011-ci ildə dünyasını dəyişən Fuad İsmayılovun xatirəsinə həsr edilmiş konsert təşkil olunub. Y.Haydn adına Konservatoriyanın və Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetinin tələbəsi, pianoçu Müşfiq Quliyev xatirə konsertində Avropa bəstəkarlarından İ.S.Baxın, F.Şopenin, A.Skryabın, F.Listin əsərlərini səsləndirib.

Konsertdə məlumat verilib ki, 2012-ci ildə İtaliyada keçirilən gənc ifaçıların “XXI əsrin incəsənəti” müsabiqəsində iki nominasiya (kamera ansamblı və fortepiano solo) üzrə qalib gələn, 2014-cü ildə III Stokholm Beynəlxalq Müsabiqəsinin laureatı olan istedadlı gənc pianoçu Müşfiq Quliyev 2013-cü ildə mərhum səfir Fuad İsmayılovun xatirəsinə yaradılan “Gələcəyə doğru” Xeyriyyə Fondunun təqaüdçüsü seçilib. O, bu fondun dəstəyi ilə Avstriyanın Y.Haydn adına Konservatoriyana daxil olub. Müşfiq Quliyev hazırda həmin təhsil ocağında, eyni zamanda Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetində təhsilini davam etdirir.

Qeyd edək ki, Festivalı çərçivəsində avqustun 2-dən başlayaraq Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi keçirilir. “Qafqaz Resorte” otelində təşkil olunan müsabiqədə Rusiya və Azərbaycanın gənc istedadlı pianoçuları mükafatlar uğrunda bacarıqlarını nümayiş etdirirlər. Avqustun 5-dək davam edəcək müsabiqənin münsiflər heyətinin sədri Oksana Yablonskaya, üzvləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, İrina Starodub, Valida Suk, Maryam Malekidir. İki turdan ibarət olan müsabiqədə I, II və III yerə çıxan pianoçular müvafiq olaraq 5000, 3000 və 2000 ABŞ dolları ilə mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR