AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr şöbələri yaradılacaq

AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr şöbələri yaradılacaq
# 29 iyun 2016 11:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr şöbələri yaradılacaq. AMEA-dan APA-ya verilən xəbərə görə, bu haqda qərar AMEA Rəyasət Heyətinin iyunun 29-da N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilən səyyar iclasında qəbul olunub.

Tədbirdə Akademiyanın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirə edilib. Bu haqda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Ibrahim Quliyev bildirib ki, Azərbaycan elminin beynəlxalq elm məkanına uğurlu inteqrasiyasının təşkilində vacib rol oynayan amillərdən biri də elmin informasiya təminatının gücləndirilməsidir. Bu baxımdan hər bir institutda İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının məqsədəuyğunluğunu ifadə edən məruzəçi elmin müxtəlif sahələri üzrə həyata keçirilən fəaliyyət, elmi-texniki tərəqqi, müasir elmi tədqiqatların nəticələri barədə ictimaiyyətin geniş məlumatlandırılmasının başlıca hədəflərdən olduğunu bildirib.

Tədbirdə qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti elmi müəssisə və təşkilatlarda İctimaiyyətlə əlaqələr şöbələrinin yaradılması barədə qərar qəbul edib. İctimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin koordinasiyası AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR