Ukrayna Daxili İşlər Universitetinin rektoru: “Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyirik"

Ukrayna Daxili İşlər Universitetinin rektoru: “Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyirik"
# 11 iyul 2016 11:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycanda səfərdə olan Ukrayna Daxili İşlər Nazirliyinin Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Valeri Sokurenko mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, V. Sokurenkoç Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, bu gün Ukrayna və Azərbaycanın ortaq problemləri var. O deyib ki, Ukrayna Xocalı faciəsini tanıyır və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir: “Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapacaq və Azərbaycanın işğal altındakı torpaqları azad ediləcək. Mən Azərbaycanda səfərdə olmağıma çox şadam və bildirmək istəyirəm ki, ölkəniz çox inkişaf edib. Bakıda bəzi yerlərlə tanış olanda bir daha bunun şahidi oldum”.

V. Sokurenko rəhbəri olduğu təhsil ocağı haqqında danışaraq, universitetin 1994-cü ildə yaradıldığını və orada 62 elmlər doktoru, 46 professor, 357 elmlər namizədinin çalışdığını söyləyib: “Burada gələcəyin müstəntiqləri, əməliyyatçıları təhsil alır”.

Rektor hüquq-mühafizə sahəsində iki ölkə arasında əməkdaşlığın vacibliyini diqqətə çatdırıb: “Bu baxımdan azərbaycanlı tələbələrin bizim universitetdə təhsil alması önəmlidir”.

Sonra qonaq jurnalistlərin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR