Nazir müavini: "Neft sektorundan ehtimal olunan azalmaları qeyri-neft sektoru qarşılamaq iqtidarındadır"

Nazir müavini: "Neft sektorundan ehtimal olunan azalmaları qeyri-neft sektoru qarşılamaq iqtidarındadır"
# 15 dekabr 2015 13:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “2016-cı ildə neftin qiyməti büdcədə nəzərdə tutulduğundan aşağı olacaqsa, neft sektorundan ehtimal olunan kəsirləri və yaxud azalmaları qarşılamağa hazırıq”.

APA-Economics”in məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov deyib.

“Bilirsiniz ki, bu ilin büdcəsində neftin qiyməti 90 dollar olaraq nəzərdə tutulmuşdu. Amma real qiymət tamamilə fərqli oldu. Bu da neft sektorundan gəlirlərin, o cümlədən vergi gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Lakin, son 15 ildə həyata keçirilən iqtisadiyyatın diversifikasiyası üzrə addımlar sübut etdi ki, siyasət nə dərəcədə düzgün, doğru olub. Bu sahəyə, xüsusən infrastruktur sahəsinə qoyulan investisiyaların qeyri-neft sektorunda nə qədər əhəmiyyətli olduğunu bu il göstərdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra 2015-ci ildə ilk dəfə olaraq neft şirkətlərinin, hətta beynəlxalq konsorsiumlarının ödəyə bilmədiyi vergi öhdəlikləri ölkənin daxili imkanları, yəni qeyri-neft sektorunun inkişafı, imkanları hesabına ödənildi. Qeyri-neft sektorunun hesabına neft şirkətlərinin ödəmədiyi vergilər kompensasiya etmək mümkün oldu və nəticədə biz büdcə itkisinə məruz qalmadıq, dövlət büdcəsinin icrası təmin olundu. Bu siyasət 2016-cı ildə də davam edəcək. 2016-cı ildə neftin qiyməti büdcədə nəzərdə tutulduğundan aşağı olacaqsa, bu ona proporsional olaraq büdcə gəlirlərinin azalması ilə nəticələnəcək. Hökumət qeyri-neft sektorunun təşviq edilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Prezident qeyri-neft sektorunun və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün təkcə son aylarda bir sıra normativ hüquqi akt imzalayıb. Bu siyasət gələn il də davam etdiriləcək. Sahibkarların kredit resurslarına çıxışı, onların inzibati təqiblərinin yumşaldılması, sahibkarlar üçün daha əlverişli mühitin yaradılması yolu ilə, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə biz neft sektorundan ehtimal olunan kəsirləri və yaxud azalmaları qarşılamağa hazırlaşırıq, buna iddialıyıq. Ümid edirik ki, buna nail olacağıq”, - deyə N. Əmirov vurğulayıb.

N. Əmirov bildirib ki, 2015-ci ilin dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə 7,112 mlrd. manat daxilolma nəzərdə tutulub. Onun sözlərinə görə, bu ilin 11 ayının nəticələrinə görə, yığılan vergilərin 72%-i qeyri-neft sektorunun, cəmi 28%-i xarici və yerli neft şirkətlərinin payına düşüb. Bunu əsas gətirən nazir müavini qeyd edib ki, neft ucuzlaşacağı təqdirdə neft sektorundan daxilolmalar 3-5% azala bilər ki, qeyri-neft sektoru bu kəsiri qarşılamaq iqtidarındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR