Kredit ödəmələrindən yaranmış problemlərdən bir neçə həll yolu - TƏHLİL

Kredit ödəmələrindən yaranmış problemlərdən bir neçə həll yolu - <span style="color: red;">TƏHLİL
# 29 dekabr 2015 09:02 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı kommersiya bankların rəhbərliyi ilə bank sektorunda vəziyyəti, devalvasiyadan sonra problemli aktivlərin artma ehtimalını və vəziyyətdən çıxış yollarını müzakirə edib. Görüşün yekununda Mərkəzi Bank rezident banklara əhaliyə dollarla verilmiş kreditləri restrukturizasiya etməyi məsləhət görüb. Tövsiyənin müqabilində Mərkəzi Bank qeyd edib ki, bu işdə banklara kömək etməyə hazırdır. Ortaya bir sıra suallar çıxır - restrukturizasiya nədir, hansı formada aparıla bilər və bu üsul dollarla kredit borcu olan əhaliyə necə köməklik edəcək?

Öncə restrukturizasiya haqqında. Bu prosesin bir neçə növü mövcuddur. Birincisi, kreditin prolonqasiyası, və ya müddətinin uzadılması. Bu halda kredit müqaviləsinin müddəti uzadılır və nəticədə aylıq ödəmənin miqdarı azalır. Məsələn, bir il müddətinə illik faiz dərəcəsi illik 24% olmaqla 3000 dollar kredit verilib. Kredit anuitet prinsipi əsasında ödənilir, yəni faizlər hər ay kreditin əsas hissəsinə hesablanır və yaranmış məbləğ 12 aya bölünərək hər ay sabit məbləğlə ödənilir. Bu halda aylıq ödəniş (kreditin əsas hissəsi + hesablanan faizlər) 284 dollar təşkil edəcək. Əgər kreditin müddəti bir ildən iki ilə qədər uzadılsa, aylıq ödəniş 159 dollara enəcək. Amma bu halda faizlər üzrə ümumi artıq ödəmənin məbləği 408 dollardan 816 dollaradək artacaq. Beləliklə, faktiki olaraq kredit götürən ikiqat faiz ödənişləri etməlidir, əvəzinə isə aylıq ödənişlərin miqdarı azaldılır. Əlbəttə ki, vəziyyət çıxılmaz həddə olarsa, bu üsul müsbət qarşılana bilər, lakin istənilən halda kredit götürən uduzur.

Restrukturizasiyasının ikinci variantı kredit tətillərinin təqdim edilməsidir. Bu halda kredit götürənə imkan verilir ki, müəyyən müddət ərzində yalnız kreditin əsas hissəsini ödəsin, faizlər üzrə ödənişlər isə təxirə salınır. Bu halda ortaya iki variant çıxır. Birinci varianta əsasən, faizlər əvvəlcədən bütün kredit məbləğinə hesablanır, ikinci variantda isə faizlərin hesablanması aylara bölünür. Birinci variant banka, ikincisi isə kredit götürənə əlverişlidir, çünki ikinci halda faizlər tətillər zamanı tədricən azalan hissəyə hesablanır və nəticədə ümumi artıq ödəmənin məbləği müddətin uzadılması ilə artmır. Təcrübə göstərir ki, banklar kredit tətilləri təklif edərək, birinci variantı seçir ki, nəticədə bu üsul kreditin prolonqasiyasından heç cür fərqlənmir. Əksinə əgər kredit tətilləri zamanı kreditin əsas məbləği ödənilir, faizlər isə azalan hissəyə hesablanaraq dondurulur və sonradan ödənilirsə, bu, kredit götürənə real köməklik deməkdir.

Digər restrukturizasiya növü kart kreditinin adi kreditə çevrilməsidir. Kart kreditləri üzrə faizlər adi (anuitet) kreditdən daha yüksək olur, çünki kart kreditindən kreditin bütün müddəti ərzində əsas məbləği üzrə ödənişlər tələb olunmur, yalnız istifadə edilən məbləğə hər ay hesablanan faizlər ödənilir. Faktiki olaraq bu növ kredit əvvəlcədən kredit tətilləri nəzərdə tutur, əvəzində bank daha yüksək faiz tələb edir. Belə kredit forması kimin üçünsə əlverişlidir, kimin üçünsə yox, amma indiki halda kredit götürənlərə böyük bir fayda verməyəcək. Çünki bu zaman gözə görünən azalma baş verməyəcək. Eyni zamanda bu variant ilk növbədə onunla faydalı ola bilər ki, faiz aşağı salınır. Faizlərin aşağı salınması da restrukturizasiyasının bir növüdür, amma banklar buna çox nadir hallarda gedirlər. Hətta getsələr belə, faizlərin azalması devalvasiyadan sonra dollarla olan kreditin manat ifadəsində 1,5-2 dəfəlik artmasını əvəzləməyə kömək etmir.

Nəhayət, restrukturizasiyasının daha bir üsulu mövcuddur bu, kreditlərşmənin valyutasının dəyişməsidir. Bu üsul dünya nəzəriyyəsində məhz devalvasiyalar zaman milli valyutaların kəskin ucuzlaşması halında nəzərdə tutulur. Aydındır ki, bu zaman dollarla olan kreditlər manata çevrilir və bu zaman faizlər dəyişir, çünki adətən xarici və milli valyutada olan kreditlər üzrə faiz dərəcələri fərqlənir. Bizim halda bu nə verə bilər? Çox şey, amma məsələ hansı formanın seçilməsindən asılıdır. Belə ki, kreditin məbləği (və ya qalan hissəsi) dollardan manata bir neçə yolla, daha dəqiq desək bir neçə məzənnə ilə çevrilə bilər. Birincisi, baş-başa. Bizim halda bu, kredit götürənlərə faktiki olaraq 1,5 dəfəlik qənaət verəcək, banklar isə şərti olaraq manatla 50%-lik qazancı itirəcəklər. İkincisi, konvertasiya kredit veriləndə olan məzənnə üzrə aparılır. Bu halda (indiki şəraitdə) Azərbaycanın dollarla kredit götürənlər tam olaraq heç nə itirmir və devalvasiya faktiki olaraq onların kreditlərindən yan keçir. Banklar isə (yenə də bizim halda) yenə də 1,5 dəfəlik itkilərlə üzləşir. Üçüncü variant ondan ibarətdir ki, konvertasiya əməliyyat aparılan andakı mövcud məzənnə ilə aparılır. Bu halda devalvasiya nəticəsində bahalaşma qalır, kredit götürənlər isə dolların bundan sonra bahalaşmasından sığortalanır. Qeyd edək ki, Azərbaycanda dolların məzənnəsi üzrə mövcud olan mənfi proqnozları nəzərə alsaq, bu variant da kredit götürənlər üçün pis deyil. Amma yenə də krediti olanların devalvasiya nəticəsindəki itkilərini əvəz etməyəcək.

Göründüyü kimi, restrukturizasiyasının bir neçə diqqətəlayiq variantları var, əgər bu işlə istiqamətli və məqsədli məşğul olunsa, məsələnin həlli tapılacaq. Lakin bunun ediləcəyinə ehtimallar azdır. Mərkəzi Bankda keçirilən görüş daha çox məsələ ilə məşğul olmanın yalnız təsəvvürünü yaratmaq bənzəyirdi, çünki kommersiya banklar öz tərəfindən heç bir təşəbbüs göstərməyə tələsmir. İndiki situasiyada “karusel”in başlaması ehtimalı daha böyükdür. Mərkəzi Bank deyir ki, kommersiya banklarının işlərinə sərt müdaxilə edə bilməz, yalnız tövsiyə ilə kifayətlənə bilər. Kommersiya bankları isə heç nə etməyəcək, çünki düşünürlər ki, dollarla olan kreditlərin manatla bahalaşmasından yaranan gəlirlərdən niyə imtina olunmalıdır?

Qeyd edək ki, kommersiya bankları ən böyük səhvi də məhz bu cür düşünməklə buraxırlar. Belə ki, 18,6 mlrd. manat həcmində olan bank sistemi üzrə ümumi kredit portfelinin (2015-ci ilin noyabrın 1-nə) təxminən 40 faizi xarici valyutada olan kreditlərin payına düşür. Eyni zamanda 1,3 mlrd. manat vaxtı keçmiş kreditlərin 30%-dən çoxu xarici valyutanın payına düşür. Əgər dollar kreditləri üzrə ödənişlərdə problemlər yaransa, bankların problemli aktivlərinin miqyası artacaq və paralel olaraq bankların likvidliyi kəskin aşağı düşəcək. Bu halın baş verməməsi üçün neytrallaşma tədbirləri aparılmalıdır. Yəni əgər banklar öz tərəfindən kredit götürənlərə qarşı addım atsa, Mərkəzi Bank öz növbəsində banklara qarşı addımları atmalıdır. Bu müxtəlif növ addımlar ola bilər: yaranan itkilərin xərclərə aid edilməsinə icazə verməkdən tutmuş itkilərin kompensasiyası üçün uzunmüddətli və kiçik faizlə (uçot dərəcəsi ilə) mərkəzləşdirilmiş kreditlərin verilməsinə qədər. Ya da hər hansı qarışıq variant seçilməlidir.

Fikrimizcə, əgər Mərkəzi Bank bu dərəcədə sərt və radikal devalvasiyaya gedibsə, yaranmış mənfi nəticələrin aradan qaldırılmasında köməklik etmə sahəsində də eyni səviyyədə radikal addımlara getməlidir. Burda müxtəlif variantlar üzərində düşünmək olar. O variantlarından biri- dollar kreditləri üzrə ödənişlərin devalvasiyadan əvvəl olan məzənnədə dondurulması və ya dollar kreditlərinin devalvasiyadan əvvəlki məzənnə ilə manata konvertasiya edilməsini artıq mərkəzi Bank "populist çağırış" kimi qiymətləndirib. Deməli, bu müzakirə mövzusu deyil. Digər variant kimi dollar kreditlərinin prolonqasiyası və ona paralel olaraq faizlərin aşağı salınmasıdır. Mərkəzi Bank isə öz tərəfindən banklara itkilər həcmində maliyyə yardımı etməlidir. Bu yardım uzunmüddətli mərkəzləşdirilmiş kreditlər şəklində də ola bilər. Və ya Mərkəzi Bank itkiləri tam olaraq öz üzərinə götürə bilər ki, bu da iqtisadiyyatda əlavə manat kütləsinin yaranmasına gətirib çıxaracaq. Əvəzində həmin vəsaitlər banklar tərəfindən yalnız uzunmüddətli və seçilmiş sahələrə kreditlərin və investisiyaların maliyyələşməsinə yönəldilə bilər. Belə olan təqdirdə artıq pul kütləsi inflyasiyanın yaranmasına səbəb olmayacaq. Digər variant: itkilər banklara Mərkəzi Bankın borc öhdəlikləri şəklində verilməlidir. Banklar bu öhdəliklərdən banklararası kredit bazarında istifadə edilə bilər və nəticədə bankların nə aktivləri azalar, nə də likvidliyi aşağı düşər.

Göründüyü kimi, vəziyyətdən çıxmaq və əhaliyə dəstək vermək üçün bir çox müxtəlif və ən əsası çox real imkanlar var. İndi məsələ yalnız bunlardan birinin və ya qarışıq olanın seçilməsidir. a) Bu baş versə, b) Mərkəzi Bank tərəfindən real təşəbbüs olsa, c) kommersiya bankları tərəfindən isə bu təşəbbüs reallaşdırılsa, əhali özünü qorunmuş hiss edəcək və devalvasiya nəticəsində yaranmış ziyanların heç olmasa biri aradan qalxmış olacaq.

Vahab Rzayev/ APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR