I rübdə qeyri-neft sektoru üzrə real effektiv məzənnə 19% ucuzlaşıb

I rübdə qeyri-neft sektoru üzrə real effektiv məzənnə 19% ucuzlaşıb
# 14 may 2016 13:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-mart ayları üzrə “Pul siyasəti” icmalında məlumat verilib.

Məlumata əsasən, hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 4 mlrd. dollar təşkil edir: “Bununla belə Mərkəzi Bankın valyuta ehtiyatları 2016-cı ilə gözlənilən 3 aylıq mal və xidmət idxalını əhəmiyyətli üstələyir. Xarici valyuta ehtiyatlarının M2 pul aqreqatına nisbəti isə 70%-dir ki, bu da tətbiq olunan yeni məzənnə rejimi üçün tələb olunan səviyyədən bir neçə dəfə çoxdur. Dövr ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnəyə bərabər götürülüb. Bu o deməkdir ki, rəsmi məzənnə tam olaraq orta bazar məzənnəsini özündə əks etdirib. Cari ilin əvvəlindən növbəti iş günü üçün rəsmi məzənnənin bir iş günü əvvəldən elan edilməsi praktikasına başlanıb”.

İcmalda qeyd olunub ki, yeni məzənnə rejimi çərçivəsində I rübdə manatın məzənnəsinin dinamikasında bir neçə dəfə möhkəmlənmə və ucuzlaşma müşahidə olunub. “İlin əvvəlində ABŞ dollarının manata qarşı məzənnəsi 1,5610 manat səviyyəsində olubsa, 11.03.16 tarixində özünün rüb üzrə maksimum həddinə - 1,6456 manata çatıb. Sonra rübün sonunadək manatın möhkəmlənməsi müşahidə edilib. Manatın məzənnəsində müşahidə edilən dəyişkənlik yeni maliyyə alətlərinin fəal istifadəsinə, iqtisadi subyektlər tərəfindən valyuta risklərinin idarə edilməsi qabiliyyətinin inkişafına zəmin yaradan amildir”, - deyə məlumatda vurğulanıb.

I rübün sonuna ilin əvvəli ilə müqayisədə manata nəzərən ABŞ dolları 1,1% ucuzlaşıb, avro isə 2,4% bahalaşıb. Manat Rusiya rubluna nəzərən 4,2%, türk lirəsinə nəzərən 1,4% ucuzlaşıb, Ukrayna qrivnasına nəzərən 10,4%, Qazax təngəsinə nəzərən 2,2% bahalaşıb. Rüb ərzində ikitərəfli məzənnələrin dinamikası özünü çoxtərəfli məzənnənin dinamikasında da göstərib. I rübdə qeyri-neft sektoru üzrə real effektiv məzənnə 18,9% ucuzlaşıb. Ucuzlaşma əsasən NEM-in 23,1% ucuzlaşması hesabına baş verib. Qiymət fərqləri isə REM-ə 5,4% artırıcı təsir edib. NEM və REM-in dinamikasında ucuzlaşma meyli idxalın əvəzlənməsinə və ixracın stimullaşdırılmasına dəstək verən amildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR