Oqtay Əsədov: “Azərbaycan Malayziya parlamentindən Xocalı soyqırımını tanımasını gözləyir”

Oqtay Əsədov: “Azərbaycan Malayziya parlamentindən Xocalı soyqırımını tanımasını gözləyir”
# 12 aprel 2016 16:56 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Ronald Kiandeenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Əsədov iki ölkə arasında iqtisadi sahədə müəyyən nailiyyətlər olmasına baxmayaraq, bu münasibətləri dərinləşdirmək üçün geniş imkanlar olduğunu deyib. O, indiyədək iki ölkə arasında 7 sənəd imzalandığını, 18 sənədin isə baxılmaq üzrə olduğunu nəzərə çatdırıb. Malayziya işgüzar dairələrinin Azərbaycanın neft, kimya və digər sosial-iqtisadi layihələrində iştirakı üçün geniş imkanlar var. O. Əsədov bildirib ki, 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Xocalı soyqırımının tanınması ilə əlaqədar quruma üzv ölkələrə müraciət edib: “Bu gün dünyanın 15 ölkəsi və ABŞ-ın 20 ştatı insanlığa qarşı bu cinayəti pisləyib. Azərbaycan Malayziya parlamentindən də belə bir addımın atılmasını, Xocalı soyqırımını tanımasını gözləyir”.

Malayziya Nümayəndələr Palatasının sədr müavini R. Kiandee dost və qardaş Azərbaycanla müxtəlif sahələrində əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb. Eyni zamanda, ölkəsinin Azərbaycanla təkcə siyasi deyil, iqtisadi, mədəni, humanitar sahələrdə də əlaqələri inkişaf etdirmək niyyətində olduğunu söyləyib.

Malayziya nümayəndə heyəti Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə də görüşüb. Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Aslanov Milli Məclisin sədri O. Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyətinin 2012-ci ildə Malayziyaya səfəri, burada keçirilən görüşləri xatırladıb və Azərbaycan parlamentinin Malayziya ilə əlaqələrin və dostluğun möhkəmləndirilməsinə önəm verdiyini vurğulayıb. Görüşdə qeyd edilib ki, iki ölkə arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq mövcuddur, Azərbaycan Dövlət Neft Şirkəti ilə Malayziyanın “Petronas” şirkəti arasında əlaqələr bunun bariz nümunəsidir. Eyni zamanda, Malayziya iş adamlarının tikinti və sənaye sahələrində Azərbaycanda uğurla fəaliyyət göstərməsi təqdirəlayiq haldır. Görüşdə informasiya-kommunikasiya və yüksək texnologiyalar sahəsində də əməkdaşlığın genişləndirilməsi vacib sayılıb. Malayziya parlamenti nümayəndə heyətinin rəhbəri R. Kiandee isə ölkələr arasında bir çox bənzər cəhətlərin olduğunu, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin möhkəmləndirilməsinin vacib olduğunu bildirib. R. Kiandee Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Malayziyanın Azərbaycanın mövqeyini dəstəklədiyini və bunu İslam Konfransı Təşkilatlında və BMT Təhlükəsizlik Şurasında ifadə etdiyini nəzərə çatdırıb.

Görüşdə deputatlar Mirkazım Kazımov, Əflatun Amaşov, Elşən Musayev və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR