Roman Qriqorçuk: “Daş qayaya rast gəldi”

Roman Qriqorçuk: “Daş qayaya rast gəldi”
# 15 aprel 2016 13:10 (UTC +04:00)

Bakı – APA. “Açığı, “Borussiya”nın Avroliqanın finalında oynayacağını düşünürdüm. Bu komanda qrup mərhələsində rəqibimiz olduğundan, gücünə yaxından bələd idim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində dünən keçirilmiş “Liverpul” – “Borussiya” matçı (4:3) ilə bağlı fikirlərini bölüşüb.

Qriqorçuk “Liverpul”un oyunda geridönüş etməsinin onun üçün gözlənilməz olmadığını bildirib: “Çox maraqlı oyun oldu. Əsl finala yaraşan görüş idi. “Liverpul”la “Borussiya”nın məhz finalda üz-üzə gəlməsini istərdim. Çünki hər ikisi turnirə rəng qatırdı. O ki qaldı “Liverpul”un hesabı 1:3-dən 4:3-ə gətirməsinə, bu, futboldu. Futbolda isə hər cür nəticə qeydə alınır. Hadisələrin necə cərəyan edəcəyini heç kim proqnozlaşdıra bilmir. Dediyim kimi, “Borussiya”nın finalda oynayacağını düşünürdüm. Çünki çox güclü komandadı. Amma daş qayaya rast gəldi (gülür). “Liverpul”un geridönüş edəcəyini təxmin etdiyimi deyə bilmərəm. Amma “Borussiya” 3:1 hesabı ilə öndə olanda belə, öz-özümə matçın hələ bitmədiyini dedim. Elə də oldu. “Liverpul” təslim olmadı, əzmkarlıq nümayiş etdirib, geridönüş etdi və oyunu daha da gözəlləşdirdi”.

Təcrübəli çalışdırıcı “Liverpul”un dramatik qələbə ilə yarımfinala adlamasında baş məşqçi Yurgen Kloppun da böyük rol oynadığını bildirib: “Liverpul” güclü komandadı. Onların cari mövsümdəki çıxışlarını yaxından izləyirəm. Yurgen Klopp kimi baş məşqçiyə sahibdilər. Bu məşqçinin xarakterini, nə edə biləcəyini isə hamı görüb. Meydanda uçmağa belə hazırdı. Bu xüsusiyyətini “Liverpul”un futbolçularına da keçirməyə çalışır. Odu ki, hətta 0:6 və ya 1:6 hesabı ilə geridə olsaydılar da, mən Kloppun komandasının təslim olmayacağını, vəziyyəti dəyişmək üçün sona qədər oynayacağını gözləyərdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR