Zaqatalada çoban itkin düşüb

Zaqatalada çoban itkin düşüb
# 25 iyul 2018 07:05 (UTC +04:00)

Zaqatala rayonunda, yüksək dağlıq ərazidəki yaylaqda çoban itkin düşüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Böyük Qafqaz sıra dağlarının Zaqatala rayonu ərazisindən keçən hissəsində çobanlıq edən Muxax kənd sakini, 1982-ci il təvəllüdlü Qurban İbrahim oğlu İbrahimov iyul ayının 21-dən itkin düşüb. Qurbanın qardaşı Eyvaz İbrahimov APA-ya bildirib ki, Dabat adlanan dağda Muxax kənd sakini, fermer Əhmədov Zeynullahın sürüsünü otaran qardaşı başqa bir çobanla qoyun sürüsünün yanında olarkən yeməkləri qurtardığı üçün yemək gətirmək məqsədilə binəyə gedib və geri qayıtmayıb. Digər çoban səhəri gün onun gəlmədiyini gördükdə özü sürü ilə birlikdə binəyə enib və məlum olub ki, Q. İbrahimov itkin düşüb. Ehtimal edilir ki, binədən yemək götürüb qayıdan zaman ərazidə qatı duman olduğundan Qurban dumanda yolunu azaraq itkin düşüb.

Artıq 4 gündür ki, Qurban İbrahimovdan heç bir xəbər yoxdur. Dağlara bələd olan bir neçə çoban onu axtarsa da, bu axtarışlar hələ ki heç bir nəticə verməyib. Eyvaz İbrahimov və fermer Zeynullah Əhmədov rəsmi şəkildə Zaqatala rayon Polis Şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt””inə müraciət ediblər. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Q. İbrahimovun axtarışlarına nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və xüsusi təlim keçmiş itləri, eləcədə Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR