Evindən oğurluq edilən professor məhkəmədə ifadə verib

Evindən oğurluq edilən professor məhkəmədə ifadə verib
# 09 aprel 2018 13:18 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində “Uroloji Mərkəz” klinikasının rəhbəri, professor Kamal Abdullayev ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslər evinə basqın edən zaman onun və həyat yoldaşının əl-qolunu bağlayıb, onu döyüblər.

O, şikayətini geri götürməyəcəyini bildirib.

Proses aprelin 16-da davam etdiriləcək.

Qeyd edək ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan K. Abdullayevin evindən oğurluq hadisəsi ötən il iyulun 30-da baş verib.

İttihama görə, “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin vaxtilə sürücüsü işləyən Firdovsi Əliyev 2017-ci ilin əvvəllərində Anar Əmirovla görüşərək, professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu, K.Abdullayev klinikasını 2 milyon dollara satdığını deyib. Qrup üzvləri gecə saatlarında Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini bağlayaraq onları tapança və bıçaqla hədələyiblər. Onlar ev sahibindən 2 milyon manatın yerini soruşublar, K.Abdullayev o qədər pulunun olmadığını deyəndən sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min ABŞ dolları, 2200 manat, 20 min manatlıq qızıl saat, K.Abdullayevə məxsus qaz tapançası, suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq oğurluq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR