Azərbaycan və Türkiyə geotermaldan elektrik enerjisi istehsal edəcək

Azərbaycan və Türkiyə geotermaldan elektrik enerjisi istehsal edəcək
# 27 iyul 2015 07:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Turcas Petrol” şirkəti "Azalternativenerji" MMC ilə etdikləri əməkdaşlıq çərçivəsində geotermal enerjidən elektrik enerjisi istehsal edəcək.

APA-Economics”in Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə “Turcas Petrol” şirkətinin İdarə Heyətinin sədri Batu Aksoy açıqlama verib.

“Hədəfimiz 2017-ci ildən etibarən geotermal enerjidən elektrik istehsal etməkdir”, - deyə B.Aksoy bildirib.

B.Aksoy həm Türkiyədə, həm də Azərbaycanda bərpa olunan enerji sektoruna investisiya yatırmağı planlaşdırdıqlarını bildirib.

“İlk mərhələdə Türkiyənin Ege bölgəsindəki Aydın şəhərindəki geotermal enerji stansiyası layihəsinə 65 milyon dollar həcmində investisiya yatırmağı planlaşdırırıq”, - deyə B.Aksoy bildirib.

Qeyd edək ki, iyulun 21-də “Turcas Petrol” və "Azalternativenerji" arasında niyyət protokolu imzalanıb. Protokola əsasən, hər iki şirkət Türkiyə və Azərbaycanda günəş, külək və geotermal mənbələrə əsaslanan enerji stansiyalarına investisiya yatırmaq üçün əməkdaşlıq edəcək və birgə layihə həyata keçirəcək.

Protokol imzalandığı tarixdən etibarən 3 il ərzində qüvvədə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR