ATƏT DTİHB Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtina edib

ATƏT DTİHB Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtina edib
# 11 sentyabr 2015 17:12 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. ATƏT Demokratik Təsisatlar və İnsan haqları Bürosu 1 noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən imtina edib. APA-nın ATƏT-ə istinadən verdiyi məlumata görə, bu barədə açıqlama yayan İnstitutun direktoru Maykl Corc Link deyib ki, Azərbaycan rəhbərliyinin irəli sürdüyü məhdudiyyətlər səbəbindən DTİHB-nin müşahidə missiyasının təxirə salmaqdan başqa şansı qalmayıb: “İştirak edəcək müşahidəçilərin sayında məhdudiyyətlərin tətbiq olunması missiya üçün effektli və inandırıcı olan seçki müşahidəsi həyata keçirməsini mümkünsüz edirdi. Təəssüf ki, biz, buna görə ATƏT DTİHB müşahidə missiyasının parlament seçkiləri ilə bağlı Azərbaycana göndərilməsini təxirə salmağa məcbur olduq. Azərbaycan rəhbərliyi tərəfindən müşahidəçilərin sayını azaltmaq tələbi, ölkənin üzərinə götürdüyü ATƏT öhdəliklərinə və DTİHB-nın seçki müşahidə mandatına ziddir. ATƏT-ə üzv olan digər dövlətlər kimi Azərbaycan da seçkilərin müstəqil, qərəzsiz və peşəkar keçirilməsini təmin etmək üçün DTİHB beynəlxalq müşahidə missiyasını seçkilərə dəvət etmək öhdəliyini yerinə yetirib. Azərbaycan tərəfdən dəvət aldıqdan sonra DTİHB ölkəyə ehtiyacları qiymətləndirmə missiyası göndərib və onlar müşahidə missiyasının göndərilməsini, o cümlədən 30 uzunmüddətli və 350 qısamüddətli müşahidə missiyasını göndərməyi tövsiyə ediblər. Avqustun 31-də Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi bizə müraciət edərək Azərbaycan yalnız 6 qısa müddətli və 125 uzunmüddətli müşahidəçi qəbul etməyə hazır olduğunu bildirib. Müşahidə missiyası göndərmək qərarının ləğvi barədə qərar yalnız ötən gün ATƏT yanında daimi nümayəndəlikdən məhdudlaşdırma ilə bağlı təkrar müraciətdən sonra verilib. Lakin DTİHB öz mandatı çərçivəsində Azərbaycan yenə də seçki ilə bağlı və ATƏT digər insan ölçüsü öhdəliklərinin həyata keçirilməsində Azərbaycana kömək etməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR