Fransa Senatında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı debat-konfrans təşkil edilib

Fransa Senatında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı debat-konfrans təşkil edilib
# 30 may 2018 20:15 (UTC +04:00)

Fransada fəaliyyət göstərən Azərbaycan Dostları Assosiasiyası il ərzində "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi" adlı silsilə tədbirlər həyata keçirir.

Assosiasiyadan APA-ya verilən məlumata görə, mayın 29-da Assosiasiya, Fransa-Qafqaz Dostluq Birliyinin prezidenti, Kot-d-Or regionunun Senatoru Alen Uper, Fransa Parlamentinin sabiq üzvü, Azərbaycan Dostları Assosiasiyasının prezidenti, Jan-Fransua Manselin təşəbbüsü, bu ölkədəki səfirliyimizin dəstəyi ilə Fransa Senatında “Azərbaycan Xalq Cümhuriyyətinin” adlı debat-konfrans təşkil edib. Tədbir Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin təqdimatı ilə başlayıb. O təqdimatında Azərbaycan Demokratik Respublikasının yaranma tarixi, fəaliyyət dövrü və yaradıcıları barədə konfrans iştirakçılarına geniş məlumat verib.

Sosial elmlər üzrə ali təhsil Məktəbinin professoru Jorj Mamulia Azərbaycan Milli Azadlıq hərəkatından bəhs edərək, Azərbaycanı istiqlaliyyətə aparan bu mübarizə yollarının çox çətin olduğunu bildirib. O, 1905-ci ildə ermənilərin bolşevik qüvvələrin dəstəyi ilə Azərbaycanlılara qarşı törətdikləri soyqırımı, davamlı bolşevik təzyiqinə baxmayaraq 1918-ci ildə Şərq dünyasında ilk dəfə olaraq bünövrəsi qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və yeni respublikanın tanınması üçün Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avropaya etdiyi səfərdən danışıb.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin bünövrəsinin dünyəvilik prinsipləri əsasında qoyulduğunu qeyd edərək o zamandan qadınlara səsvermə hüququ verən Azərbaycanın regionda və İslam dünyasında tolerant, multikulturalizm ənənələrinə sadiq qalan bir ölkə kimi nümunə olduğunu bildirib.

Ali təhsil üzrə praktiki Məktəbin tədris direktoru Jil Otier Qafqaz regionunda yaşayan müxtəlif Azərbaycan xalqları barədə çıxışla davam edərək, o dövrdə milli azlıqların güclü qonşu ölkələrin təsiri olmasına baxmayaraq öz mədəniyyətini, dilini, adət-ənənəsini, milli mənsubiyyətini qoruyub saxlamaq üçün daim mübarizə apardıqlarından bəhs edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu regionda yaşayan milli azlıqların öz dillərini və mədəniyyətlərini yaşada bilmələri üçün şərait yarandığını bildirib.

Çıxışlardan sonra müzakirələrlə başa çatan tədbirdə Fransanın ictimai-siyasi xadimləri, elm və incəsənət xadimləri yer alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR