Bakı metrosu 50 illiyini, metropoliten işçiləri peşə bayramlarını qeyd edir

Bakı metrosu 50 illiyini, metropoliten işçiləri peşə bayramlarını qeyd edir
# 08 noyabr 2017 11:03 (UTC +04:00)

Bu gün Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür.

"APA-Economics" xəbər verir ki, prezident İlham Əliyev tərəfindən 28 oktyabr 2006-cı il tarixdə imzalanan fərmana əsasən hər ilin noyabrın 8-i metropoliten işçiləri öz peşə bayramlarını qeyd edirlər.

Bu gün Bakı metropoliteninin istismara verilməsinin 50-ci ildönümü və 8 noyabr - metropoliten işçilərinin peşə bayramı münasibətilə "Bakı Metropoliteni" QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Metropolitençilər Şəhidlər xiyabanında "20 Yanvar" tarixinin günahsız qurbanları və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini də ehtiramla yad edərək, onların, o cümlədən "20 Yanvar" tarixinin metropolitençi şəhidi İlqar Qarayevin məzarları önünə güllər düzüblər.

Metropolitenin fəaliyyətə başlamasının ildönümü və peşə bayramı münasibətilə "Bakı Metropoliteni" QSC-nin iclas zalında təntənəli yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov dünən Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla bir qrup metropolitençinin "Əməkdar mühəndis" fəxri adına və "Tərəqqi" medalına layiq görülməsini qeyd edərək sərəncamların mətnini oxuyub.

O, 2008-ci ildə metropolitenin inkişafına dair dövlət proqramının hazırlanması barədə, həmçinin 2011-ci ildə perspektiv inkişaf planını və müvafiq Dövlət Proqramını təsdiq edən sərəncamların imzalamasını xüsusi qeyd edərək, bunu yeraltı yollarımızın inkişafına istiqamətverici töhfə adlandırıb.

Sədr bildirib ki, 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin yaradılması ilə həm metro istismarının, həm də inşaat işlərinin bir mərkəzdə cəmlənməsi bu iki mürəkkəb sahədə daha nizamlanmış, ardıcıl və keyfiyyətli iş aparılmasına, hər sahədə təchizatın gücləndirilməsinə, müasir standartlara cavab verən texnologiyaların geniş tətbiqinə şərait yaradıb.

Dövlətin daimi qayğısı və diqqətinin hər bir metropolitençini daha əzmlə və fədakarlıqla çalışmağa ruhlandırdığını bildirən QSC sədri yarım əsrə yaxın bir müddət ərzində paytaxt sakinlərinə nümunəvi nəqliyyat xidməti göstərən metropolitençilərin bundan sonra da dövlətin yüksək etimadını doğruldaraq, əmək cəbhəsində buna layiqli cavab verəcəyinə, bacarıq və qüvvəsini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR