Mingəçevirdə su festivalı çərçivəsində konsert olub

Mingəçevirdə su festivalı çərçivəsində konsert olub
# 23 aprel 2017 19:38 (UTC +04:00)

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 23-də Mingəçevir şəhərində davam edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Heydər Əliyev parkında su festivalı keçirilib.

Əvvəlcə tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, aprelin 5-də prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Mingəçevir sakinlərinə təhvil verməsi görüntüləri təqdim edilib.

Sonra “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Kür çayından su ilə dolduraraq Heydər Əliyev parkına gətirən sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov alqış sədaları altında səhnəyə dəvət olunub.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev çıxış edərək ölkəmizi bu mötəbər yarışda təmsil edəcək bütün idmançılara uğurlar arzu edib. Sonra “Mirvari” rəqs qrupu, Mingəçevir musiqi qrupunun üzvləri və yerli ifaçı Elsevər Məmmədov çıxış edib. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR