Sezar Meza Kolli: "Azərbaycan millisində oynamaq şərəf olar" - MÜSAHİBƏ

Sezar Meza Kolli: "Azərbaycan millisində oynamaq şərəf olar" - MÜSAHİBƏ
# 23 noyabr 2019 12:52 (UTC +04:00)

2013-cü ildən bəri karyerası, demək olar ki, Azərbaycanla bağlı olan Sezar Meza Kolli ötən ilin yayında yollandığı "Universitatea Krayova"dan cari mövsümün əvvəlində doğma komandası "Keşlə"yə icarə əsasında keçib. Paytaxt klubunun cari mövsüm uğurlu nəticələrində müstəsna rol oynayan 28 yaşlı paraqvaylı yarımmüdafiəçi apasport.az saytına müsahibəsində özünün və komandasının çıxışını dəyərləndirib.

- Çempionatda 11 tur artıq geridə qalıb. Çoxları üçün "Keşlə"nin ikinci pillədə olması sürprizdir. Siz necə, mövsümün əvvəlində bu çıxışı gözləyirdiniz?
- Mənim üçün gözlənilməz hal deyil. Çünki həm məşqçi korpusu, həm də futbolçu heyəti çox yaxşı çalışır. Mənə görə, "Keşlə" hazırda Azərbaycanın ən güclü 3 komandasından biridir.

- 19 xal "Keşlə"nin maksimumudur, yoxsa daha yaxşısı ola bilərdi?
- Fikrimcə, hər şey ürəyimizcədir. Uğurlu sonluq üçün bu cür də davam etməliyik.

- Ötən mövsüm "Universitatea Krayova"da əsas heyətə düşə bilmirdiniz. Rumıniya çempionatında rəqabət daha güclüdür, yoxsa başqa səbəb var idi?
- Rumıniya ilə Azərbaycan çempionatının səviyyəsi, demək olar ki, eynidir. Sadəcə, orada bir az şanssızlıqla üzləşdim. Rumıniyada olarkən zədələr mənə çox pis təsir etdi.

- Rumıniyaya getdiyiniz üçün peşman deyilsiniz?
- Xeyr. Əksinə, ora getmək qərarı verdiyim üçün sevinirəm. Çünki qısa müddətdə Rumıniyada çox şey öyrəndim.

- Adətən futbolçunun əvvəlki komandasına dönüşü uğursuz nəticələnir. Ancaq siz hər dəfə "Keşlə"yə daha güclü qoşulursunuz. Bunun xüsusi səbəbi varmı?
- "Keşlə"də olarkən özümü çox rahat hiss edirəm. Məşqçi korpusu və komanda yoldaşlarım mənə inam verir. Burada bir ailə kimiyik, yaxşı insanlardan qurulmuş kollektivimiz var.

- Ev oyunlarınızı da başqa stadionlarda keçirirsiniz. Mövsümün əvvəlindən "ASK Arena"da oynasaydınız, daha yaxşı nəticə göstərərdinizmi?
- Məncə, bəli. Fikir vermisinizsə, bu mövsüm hər iki məğlubiyyəti ev matçında almışıq. Öz meydanımızdakı görüşlərdə daha çox xal itirmişik. Əgər mövsümün əvvəlindən "ASK Arena"da çıxış etsəydik, daha çox üstünlüklərimiz olardı.

- Ən az qol buraxan komandalardan biri olsanız da, hücumda o qədər məhsuldar deyilsiniz. Bu, ön xətdəki anlaşma problemindən qaynaqlanır?
- Mən bu cür hesab etmirəm. Düşünürəm ki, hər mövqedə yaxşıyıq. Bu cür də davam etməli və üzərimizdə daha çox çalışmalıyıq.

- Baş məşqçiniz Tərlan Əhmədov açıqlamalarında komandasını sizsiz təsəvvür etmədiyini deyir. Onun bu cür düşüncəsi sizə əlavə güc verirmi?
- Əlbəttə. Baş məşqçi mənə çox güvənir, etimad göstərir. Bu da hər matçda performansıma müsbət şəkildə təsir edir. Baş məşqçinin futbolçuya özünəinam aşılamasının onun meydandakı çıxışında böyük rol oynayır.

- Hazırda turnir cədvəlinin 2-ci pilləsində yer alırsınız. Mövsümün sonunda özünüzü hansı mövqedə görürsünüz?
- Açığı, indidən mövsümün sonu barədə fikirləşmirəm. Yeganə düşüncəm meydana çıxdığım hər matçdan zövq almaqdır. Hazırda bütün diqqətimi Premyer Liqanın növbəti turunda "Zirə" ilə keçiriləcək oyuna yönəltmişəm. Komanda olaraq həmin qarşılaşmada əlimizdən gələni edəcəyimizə əminəm.

- Mövsümün sonunda icarə müddətiniz başa çatacaq. Gələcək karyeranızla bağlı planlarınız nədir?
- "Keşlə"də çox xoşbəxtəm. Ancaq "Universitatea Krayova" ilə müqavilə müddətim 2021-ci ilin yayına qədərdir. Buna görə də, nələr olacağını bilmirəm. Yəqin ki, mövsümün sonunda bu barədə düşünməyə vaxtımız olacaq.

- "Qarabağ" və "Neftçi" Premyer Liqada özünü yaxşı göstərən futbolçuları dərhal heyətlərinə qatmağa çalışırlar. Onlardan sizə təklif olubmu?
- Bəli, Azərbaycanın bir neçə klubundan təklifim olub. Amma indi yalnız "Keşlə"nin oyunlarına köklənmişəm.

- Qısa fasilələri və birillik Rumıniya karyeranızı saymasaq, 5 ildən çoxdur ki, Azərbaycanda çıxış edirsiniz. Azərbaycan millisində oynamaqla bağlı sizə müraciət olubmu?
- Doğrudur, Azərbaycanda olduğum müddət artıq 5 ili keçib. Özümü artıq buranın bir vətəndaşı kimi hiss edirəm. Sadəcə, onu deyə bilərəm ki, Azərbaycan millisində oynamaq mənim üçün şərəf olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR