“Kapital Bank” xaricdə filial açmayacaq

“Kapital Bank” xaricdə filial açmayacaq
# 23 oktyabr 2017 10:13 (UTC +04:00)

“Kapital Bank” ASC xaricdə filial və ya nümayəndəlik açmaq niyyətində deyil”.

APA-Economics” xəbər verir ki, bunu “World Economic” jurnalına müsahibəsində “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev deyib.

Onun sözlərinə görə, “Kapital Bank”ın əsas prioritet inkişaf istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıqdır. “Artıq 2 ilə yaxındır ki, bununla bağlı müəyyən addımlar atılıb, müxtəlif beynəlxalq təşkilatlarla, maliyyə institutları ilə əməkdaşlıq edirik. Həmçinin il ərzində maliyyə sərgilərində iştirak edirik. Kapital Bank Amerika Banklar Assosiasiyasının üzvüdür və həmin təşkilatın illik yığıncaqlarında fəal iştirak edərək, bir sıra konfranslarına dəstək də göstəririk. Qeyd edim ki, MDB ölkələri arasında Kapital Bank və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür. Əminəm ki, belə tədbirlərdə iştirak regionun lideri olan Kapital Bank-ı dünya miqyasında tanıdacaq və strateji planlarımıza uyğun olaraq yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək. Xaricdə filial və ya nümayəndəlik açmaq niyyətimiz olmasa da, müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün beynəlxalq əməkdaşlıq və xarici həmkarlarımızın təcrübəsindən bəhrələnmək olduqca önəmlidir”, - deyə R.Allahverdiyev vurğulayıb.

R.Allahverdiyev bildirib ki, bu ilin sentyabr ayında “Kapital Bank” Swift Gpi beynəlxalq sisteminə qoşulub: “Həmçinin, ötən ay məşhur “Global Finance” jurnalı dünyanın ən güvənli və təhlükəsiz (“Safest Bank”) banklarını müəyyən edib. O cümlədən, Azərbaycandan “Ən Güvənli Bank” olaraq Kapital Bank-ı seçib. Araşdırma 106 ölkənin 1000-dək bankı arasında aparılıb. İlin sonunadək daha bir neçə beynəlxalq tədbirdə iştirak etməyi və əməkdaşlığımızı genişləndirməyə çalışacağıq”.

R. Allahverdiyev əlavə edib ki, “Kapital Bank” ASC Mobil və İnternet Banking tətbiqinin daha üstün versiyasını müştərilərə təqdim edəcək. Onun sözlərinə görə, cari ilin əvvəlində bank yenilənmiş Mobil və İnternet Banking xidmətini müştərilərin ixtiyarına verib: “Bir sıra üstünlüklərə və yeniliklərə malik bu tətbiq vasitəsilə müştərilər, bank əməliyyatlarını filiala gəlmədən asanlıqla həyata keçirə bilirlər. Amma texnologiyalar saatbasaat inkişaf edir və biz də bu tendensiyaya uyğun olaraq irəliləyirik. Yaxın zamanlarda tətbiqin daha üstün versiyasını müştərilərə təqdim edəcəyik. Artıq müştərilər banka gəlmədən kredit və ödəniş kartları sifariş verə, əmanət yerləşdirə və bütün hesab və bank məhsullarını xüsusi tətbiq vasitəsilə idarə edə biləcəklər”.

R.Alahverdiyev bildirib ki, “Kapital Bank”ın 2018-2020-ci illər üzrə nəzərdə tutulmuş strateji hədəflərinin ən mühümü bütün məhsul və xidmətlərin rəqəmsal müstəvidə olmasından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR