Vüqar Nadirov: “Bizə inanan, güvənən insanlar lazımdır” - MÜSAHİBƏ

Vüqar Nadirov: “Bizə inanan, güvənən insanlar lazımdır” - MÜSAHİBƏ
# 26 dekabr 2019 17:32 (UTC +04:00)

Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

- Bir müddət əvvəl “Baku Sportinq” klubuna direktor təyin edildiz. İşləriniz necə gedir?
- Səlim Abbasovun dəvətilə kluba dəvət edildim. İşimiz də yaxşı gedir. Azərbaycan yığması üçün güclü futbolçular yetişdirmək istəyirik. Bir az istedadı olan uşağı da komandaya götürüb, onun üzərində işləyirik. Əsas fəaliyyətimiz bundan ibarətdir. “Baku Sportinq”ə də uşaq futboluna xidmət etmək və uşaq futbolunu yüksəklərə qaldırmaq üçün gəlmişəm. Onlar bizim gələcəyimizdir.

- Ötən mövsüm Regional Liqada “Uğur” komandasında çıxış edirdiz. Amma artıq aktiv futbolçu karyeranızı davam etdirmirsiz. Demək olar ki, karyeranızı başa vurmusuz?
- Ötən mövsüm “Uğur”la çempion oldum. Kollektiv yaxşı idi, onlara öyrəşmişdim. Məqsədimiz də çempionluq idi, bunu da bacardıq. Karyeramı isə hələ ki, bitirməmişəm. Qismət olsa, yenə də oynayacam. Amma indi bütün məqsədimi, fikrimi “Baku Sportinq” Futbol Akademiyasına yönəltmişəm.

- Sizcə, nəyə görə bu gün Azərbaycan klubları Vüqar Nadirova ehtiyac duymurlar?
- Onlar başa da düşürəm. Amma hazırda oynamağa gücüm var. Bu, klubların şəxsi işidir. Belə də, kənarda qalan tək mən deyiləm ki... Vaqif Cavadov, Kamran Ağayev və bir çox təcrübəli futbolçular hazırda işsizdirlər. Niyə kənarda qalmağımız bizə də maraqlıdır. Səbəb nədir? Bunun bir neçə faizini üzərimə götürürəm ki, səhv məndə də ola bilər. Amma bizə verilən şansdan istifadə də etdik, bəzən də alınmadı. Vaqif Cavadov, Kamran Ağayev, Vüqar Nadirov bu gün Premyer Liqada oynamağa hazır və qadirdir. Özü də tək klubda deyil, millidə də. Bizə inanan, güvənən insanlar lazımdır.

- Dediz ki, ölkə çempionatında oynamaq gücündəsiz. Amma əksər veteran futbolçular deyir ki, hazırkı Premyer Liqada bir ayaqla da oynayaram. Siz də belə fikirləşirsiz?
- İndi də məşqlərimi davam etdirirəm. “Ruslan-93”ün bazasında mütəmadi olaraq hazırlıq keçirəm. Hər zaman formada olmağa çalışıram. Çünki gələcəkdə nəsə ola bilər. Formada qalmaq yaxşıdır.

- Azərbaycan Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsiz? Əvvəlkilərlə müqayisədə güclənib, yoxsa zəifləyib?
- Hər mövsümün öz maraqlı anları, öz oyunları olur. Düzdür, çempionatda 8 komanda azdır. Daha iki klub da olsaydı, maraqlı alınardı. Çünki futbolçular da yorulur. Bir komanda ilə dörd dəfə oynayırsan. Məncə, gələcəkdə komandaların sayı çox olacaq.

- Çempionatda ilk yarı başa çatdı. “Qarabağ” “Neftçi”dən altı xal öndədir. Ağdam təmsilçisi cari mövsümü də çempion kimi başa vura biləcək?
- Çempionatın ilk yarısı “Qarabağ”ın üstünlüyü ilə keçdi. Düzdür, “Qarabağ” hazırda birinci pillədədir, “Neftçi”dən altı xal öndədir. Sadəcə onlar gərək arxayınlaşmasınlar. Çünki “Qarabağ” arxayınlaşsa, “Neftçi” onlara çata bilər. Keçən ilki hadisələr yaşana, rəqabət daha da arta bilər. Ancaq belə görünür ki, “Qarabağ” yenə də çempion olacaq.

- Karyeranızın ən parlaq dövründə xarici klublardan cəlbedici təklif almışdız? “Qarabağ”ın əzəli rəqibi hesab edilən “Neftçi”yə necə, nə vaxtsa keçmək variantınız olub?
- “Qarabağ”da oynadığım illərdə yalnız bu klub haqda düşünüb, fikrimi də oyunlarımıza yönəltmişəm. Ağdamlı kimi başqa təklifləri deyil, yalnız bu komandanı düşünürdüm. Təkliflər hər zaman olur. Ancaq mən “Qarabağ”ı seçdim, sadəcə 7 ildən sonra başqa komandaya keçdim.

- Futbolçu vaxtınızda demək olar ki, daim gündəmdə olduz. Amma son zamanlar kölgəyə çəkilmisiz. Bunu nə ilə əlaqələndirirsiz?
- Futbolda oynayanda da gündəmdə elə çox olmurdum. Çünki hər zaman reklamdan qaçan adamam. Bunu xoşlamırdım. Yalnız meydandakı oyunumla nəyə qadir olduğumu göstərməyə çalışırdım. Mənə reklam lazım deyil. Az-çox iz də qoymuşam. Harada Vüqar Nadirov desəniz, tanıyan tanımayandan daha çox olacaq. Hansı Vüqar? ““Sent-Etyen” Vüqar” deyirdilər. Çünki Avropa Liqasının qrup mərhələsinin oyununda “Qarabağ”ın heyətində Fransa klubuna vacib qol vurmuşdum.

- Karyeranda sanki tez zamanda eniş getdi. Razısız? Hər halda, 32 yaş çox deyil...
- Karyeramdan gileylənmirəm. Futbolu da buraxmaq istəmirəm, oynamaq arzusundayam. Qismətdir də, hər şey ola bilər. Təklif gəlsə, oynayacam. Bəlkə Vaqif Cavadov, Kamran Ağayev, mən və kənarda qalan uşaqlar elə bir komandada oynadıq. Amma dediyim kimi, indi əsas fikrim “Baku Sportinq” Futbol Akademiyasındakı uşaqlara öz təcrübələrimizi aşılamaqdır.

- Sizin üçün doğma hesab edilən “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindən nəyə görə çıxa bilməməsini nə ilə əlaqələndirərdiz?
- Burada hansısa səbəb görmürəm. Futbolda hər şey olur. Yorğunluq amili də öz sözünü də deyə bilər. Bizim vaxtımızda elə olurdu ki, sanki futboldan “doymusan”. Gedib istirahət edib gəlirdin, yenidən bu oyun üçün “acırsan”. Yenidən başlayırsan məşq etməyə və motivasiya ilə oyunlara çıxırsan. “Qarabağ”da bu mövsüm alınmadı. İnanıram ki, yeni mövsümdə qrupdan çıxarlar.

- Ağdam klubunun hücumçusu Maqaye Qeye uğursuz transfer hesab edilir. Siz necə düşünürsüz?
- Mən oynayan vaxtda da “Qarabağ”da hücumçu probleminin olduğunu deyirdilər. O da düzələr. Bu komandaya görün nə qədər hücumçu gəlib, sonra da gedib. Onu rəhbərlik və məşqçi heyəti bilər.

- Bəs Ağdam klubuna qayıdıb, burada məşqçi kimi işləmək heç ürəyinizdən keçmir?
- Əlbəttə ki, “Qarabağ”da çalışmaq istəyərəm. Niyə də olmasın? Həyatdır, hər şey mümkündür.

- Azərbaycan millisi hazırda baş məşqçisizdir. Uzun müddət yığmada oynamış bir futbolçu kimi, komandaya yerli məşqçinin, yoxsa əcnəbi mütəxəssisin gəlməsinin tərəfdarısız? Hətta Robert Prosineçkinin qayıdışı da gündəmdədir...
- Bu məsələlərə AFFA rəhbərliyi qərar verir. Robert Prosineçki ilə işləmişəm. Yaxşı insandır, yaxşı da məşqçidir. Özü də Azərbaycan mentalitetinə bələddir. Futbolumuzu yaxşı bilir, yaxşı tanıyır. Baş məşqçi azərbaycanlı da ola bilər. Amma Prosineçkinin də qayıdışına müsbət yanaşıram.

- Mütəxəssislər futbolçularımızın rahatçılığını pozmamaq, əziyyət çəkməmək üçün legioner həyatı yaşamaq istəmədiyini deyirlər. Bəs siz necə fikirləşirsiz?
- Futbolçularımızın xaricdə oynaması daha yaxşı olar. Onlarda inkişaf gedər, milliyə daha hazır, daha güclü gələrlər. Legioner həyatı yaşayanda məsuliyyətin tam fərqli olur. Başqa ölkəyə gedəndə istər-istəməz rejimə düşürsən, hər şeyə fikir verirsən, özünü göstərib daim orada qalmağa can atırsan. Düzdür, mən də legioner həyatı yaşamamışam. Amma gərək bunu edəydim. AVRO-2012-nin seçmə mərhələsində Türkiyəni 1:0 hesabı ilə məğlub etdiyimiz matçda normal oynamışdım. Fikirləşdim ki, həmin görüşdə skautlar çıxışımı görər, təklif olar, gedib legioner həyatı yaşayaram. Amma belə olmadı. Halbuki otelə gələndə baş məşqçimiz Berti Foqts əlimi sıxdı və dedi ki, yaxşı idin, belə də davam elə. Yəni mən də vaxtilə legioner həyatı yaşamaq istəyərdim. Amma nə etmək olar? Qismət belə imiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR