“Vandalizm” sənədli filminin təqdimatı keçirilib

“Vandalizm” sənədli filminin təqdimatı keçirilib
# 24 noyabr 2016 13:53 (UTC +04:00)

Nizami Kino Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi, "Trend" İnformasiya Agentliyinin dəstəyi ilə hazırlanan, ideya və ssenari müəllifi Emil Hüseynli olan “Vandalizm” sənədli filminin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, filmin çəkilməsində məqsəd Azərbaycan əleyhinə işğalçılıq siyasət yeridən, Azərbaycan xalqına qarşı soyqırım həyata keçirən Ermənistanın bu istiqamətdə əməllərini faktlarla ifşa etmək, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Təqdimat mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, sənədli film Ermənistanın vandalizmi ilə bağlı görülən işlərdən biridir.

Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, Ermənistan öncə Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara qarşı vandalizm əməllərinə yol verib, vandalizmin sonrakı hədəfi isə Azərbaycanın tarixi-mədəni abidələri olub: “Azərbaycan bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlarda iş aparıb. Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş bölgələrə səfər etməsini tələb edib və buna nail olub. 2005 və 2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş bölgələrə səfər edib. Bu səfərlər zamanı işğal olunmuş bölgələrdə vandalizmə yol verildiyi, erməni əhalinin məskunlaşdırılmağa çalışıldığı, iqtisadi fəaliyyətlə məşğul olunduğu üzə çıxıb. Bu gün nümayiş etdiriləcək filmdə də faktaraşdırıcı missiyanın üzə çıxardığı faktlar işıqlandırılacaq. Mən bu gün tədbirdə iştirak edən xarici ölkələrin səfirlərindən bu faktları öz ölkələrinə çatdırmalarını istəyirəm".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov ermənilərin Zəngilanda 500-700 yaşı olan çinar ağaclarını da məhv etdiyini nəzərə çatdırıb: “O çinarlar tək Azərbaycanın deyil, dünyanın sərvətləridir. Füzuli rayonunda qədim insan məskəni olan Azıx mağarası da tək Azərbaycana məxsus deyil. Bütün bunlar həm də dünyanın tarixi-mədəni sərvətləridir. Ona görə də dünya birliyi işğal olunmuş Azərbaycan ərazilərində mədəni-tarixi abidələrin dağıdılmasının qarşısının alınmasına çalışmalıdır”.

“Trend”in baş direktor müavini Arzu Nağıyev agentliyin erməni vandalizminin dünyaya çatdırılmasına xüsusi diqqət yetirdiyini söyləyib.

Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev bədnam qonşuların Xocalı soyqırımı törətdiklərini xatırladıb: “Soyqırımın böyüyü-kiçiyi olmur. Azərbaycan bayrağı bir gün mütləq Qarabağda dalğalanacaq”.

Daha sonra “Vandalizm” sənədli filmi nümayiş etdirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR