Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi yeni enerji damarıdır"

Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi yeni enerji damarıdır"
# 29 may 2018 07:53 (UTC +04:00)

"Biz sözün əsl mənasında enerji mənbələrinin şaxələndirilməsini həyata keçiririk. Cənub Qaz Dəhlizi yeni enerji damarıdır".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısı deyib ki, bu layihədə maraqlar balansı gözlənilib: "Hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları tam təmin edilib. Bu maraqlar balansı olmasaydı, layihə tam həyata keçirilə bilməzdi. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik. Ölkələr və şirkətlər qarşılıqlı siyasi, iqtisadi mənfəətini təmin etməlidir. Azərbaycan da istehsalçı ölkə kimi öz mənfəətini götürür".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqil, ayağı üzərində duran ölkədir: "Son 15 ildə ümumi daxili məhsul 3 dəfə artıb. Azərbaycanda xarici dövlət borcu aşağı səviyyədədir, ÜDM-in 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borclarımızdan 4-5 dəfə çoxdur. Azərbaycan yoxsulluq, işsizlik 5 faiz səviyyəsindədir. Bu, göstərir ki, neft insan kapitalına çevrilib. Bizim siyasətimiz neft-qaz gəlirlərini bərabər, ədalətli şəkildə bölmək olub. Ümumdünya Davos Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşdırıb. Biz neft-qaz gəlirlərimizi qeyri-neft sektorunun inkişafına yönəldirik. Bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkənin neft-qaz resursları bizdən dəfələrlə çoxdur, ancaq fərqli durumdadır".

Dövlət başçısı nəzərə çatdırıb ki, bu gün Azərbaycanın həyatında əlamətdar gündür: "Mən Cənub Qaz Dəhlizinə uzun ömür arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR