Azərbaycan Aİ ilə qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan Aİ ilə qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsində maraqlıdır
# 03 oktyabr 2017 07:46 (UTC +04:00)

Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir. Azərbaycan Avropa İttifaqı ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Aİ-nin ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşündə bildirib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev K. Yankauskası Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə təbrik edib, fəaliyyəti dövründə ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib. Vurğulanıb ki, Azərbaycan və Aİ arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər xüsusilə önəmlidir. Aİ Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Aİ ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35%-dir. Azərbaycanda əsas kapitala yönəlmiş investisiyalarının ümumi həcmində Aİ ölkələrinın payı son 10 ildə 46%, qeyri–neft sektoruna birbaşa investisiyalarda isə 35%-dir. Aİ ölkələrinin Azərbaycanda 1300-dən çox şirkəti fəaliyyət göstərir. Aİ ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Tvinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. İndiyədək Aİ tərəfindən ölkəmizə 582 mln. avro məbləğində texniki yardım da göstərilib.

Görüşdə Azərbaycanın nəqliyyat və energetika sahələrində də Aİ ilə əməkdaşlığa önəm verdiyi, bu istiqamətdə Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti, eləcə də Azərbaycanın böyük tranzit potensialından istifadə imkanları diqqətə çatdırılıb.

Görüşdə həmçinin, yeni Aİ -Azərbaycan Sazişinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın bu Sənədə önəm verdiyi qeyd edilib.

K. Yankauskas əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağın olduğunu vurğulayaraq, bu sahədə fikirlərini bölüşüb. Qeyd olunub ki, yeni Aİ -Azərbaycan Sazişi üzərində intensiv iş aparılır. Azərbaycan və Aİ arasında enerji sahəsində səmərəli əməkdaşlığın olduğunu vurğulayan Kestutis Yankauskas qeyri-neft sektorunun ölkəmiz üçün prioritetliyi barədə məlumatlı olduğunu, Azərbaycanın zəngin turizm potensialı hesabına ölkəyə daha çox avropalı turistin cəlb oluna biləcəyini, ölkəmizin geniş ixrac imkanlarının olduğunu bildirib.

K. Yankauskas Aİ-nin genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın Azərbaycanın iqtisadiyyat nazirini Brüsselə dəvət etdiyini də diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR