Memarlıq və İnşaat Universitetində Roald Saqdeyevlə görüş keçirilib

Memarlıq və İnşaat Universitetində Roald Saqdeyevlə görüş keçirilib
# 17 yanvar 2017 10:43 (UTC +04:00)

Azərbaycan Memarlıq və İnşaat Universitetində kosmik tədqiqatlar sahəsində görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Zinnuroviç Saqdeyevlə görüş keçirilib.

Universitetdən APA-ya verilən məlumata görə, görüşdə AzMİU-nun professor-müəllim heyəti, alimlər, mütəxəssislər iştirak ediblər. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova hörmətli qonağın uzun və şərəfli ömür yolu, elmi fəaliyyəti, elmə gətirdiyi yeniliklər, aldığı mükafatlar barədə geniş danışıb.

Göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən R. Saqdeyev belə görüşlərin əhəmiyyətini vurğulayıb. O, uzun illər çalışdığı sahə üzrə məlumat verib, Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini və bu sahədə kifayət qədər ixtisaslı kadrların hazırlandığını deyib. Akademik "Azərkosmos"un uğurlu layihə olaraq bir modelə çevrildiyini, Azərbaycanın dünyanın kosmik ölkələri sırasında əhəmiyyətini diqqətə çatdırıb. R. Saqdeyev bundan sonra da Azərbaycan xalqı üçün hər zaman əlindən gələn köməkliyi etməyə hazır olduğunu söyləyib.

Sonra görüş iştirakçıları ilə qonaq arasında maraqlı elmi müzakirələr olub, fikir mübadiləsi aparılıb. R. Saqdeyev iştirakçıların suallarını cavablandırıb. Görüşdən sonra qonaq universitetlə tanış olub, elmi kitabxana və laboratoriyaları gəzib, imtahan prosesi ilə maraqlanıb.

Qeyd edək ki, Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkədə kosmik proqramın inkişafı sahəsində Azərbaycanın Kosmik Proqramının məsləhətçisi olan akademik R. Saqdeyevin dəyərli tövsiyələri olub. Sovet dövründə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olan R. Saqdeyev uzun illər SSRİ Kosmik Tədqiqatlar İnstitutuna rəhbərlik edib, nüvə tərksilahı problemləri ilə məşğul olub. 1990-cı ildə ABŞ-a köçən akademik hazırda Merilend Universitetinin professorudur, Şərq-Qərb Kosmik Elmi Mərkəzinə rəhbərlik edir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə akademik R. Saqdeyevi “Dostluq” ordeni ilə mükafatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR