Salyan-Neftçala avtomobil yolunun 45 kilometrlik hissəsi təmir olunub

Salyan-Neftçala avtomobil yolunun 45 kilometrlik hissəsi təmir olunub
# 12 aprel 2018 14:15 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Salyan və Neftçala rayonlarını birləşdirən 45 km uzunluğunda avtomobil yolu təmir olunub.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, aözügedən yol uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolun hərəkət hissəsi deformasiyaya uğramışdı, qabarma və çalalar əmələ gəlmişdi. Bu üzdən əsaslı şəkildə təmirinə zərurət yaranmışdı.

Təmir-tikinti işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə çınqıl materialı tökülərək kipləşdirilib. Daha sonra yol boyu asfaltlanma işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq aparılan bərpa işləri zamanı yolun 7 metr enində hərəkət hissəsi nəzərə alınmaqla təqribən 300 min kvadratmetrdən çox sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa, aparılan işlər çərçivəsində yol üzərində yerləşən və 66 metr uzunluğa malik avtomobil körpüsünün təmiri, məhəccərlərinin dəyişdirilməsi, həmçinin yol boyu 30 ədəd mövcud avtobus dayanacağının sökülərək yenidən tikilməsi və əlavə 4-nün inşa edilməsi işləri də görülüb.

Əsaslı bərpa işləri bitəndən sonra yol boyu nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 206 ədəd yol nişanı və 980 ədəd siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Qeyd edək ki, sözügedən yolun əsaslı təmiri Salyan və Neftçala rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR