ABŞ-da atışmada 8 nəfər həlak olub

ABŞ-da atışmada 8 nəfər həlak olub
# 11 sentyabr 2017 08:01 (UTC +04:00)

ABŞ-ın Texas ştatında atışmada ən azı 8 nəfər həlak olub.

APA-nın "Associated Press"-ə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 10-da axşam Pleyno şəhərində qeydə alınıb.

Hüquq-mühafizə orqanının nümayəndəsi Devid Tilli bildirib ki, evlərdən birində atışma baş verdiyi barədə polisə məlumat daxil olub.

Ünvana gələn polislər hadisəni törədən şəxsi atışma zamanı öldürüblər.

Evdə daha 7 meyit aşkarlanıb, iki nəfər isə yaralı olub.

Hadisəni törədənin və qurbanlarının şəxsiyyəti hələlik məlum deyil. İnsidentin nədən baş verdiyi də hələ ki, qaranlıq qalır.

"Daily Mail" nəşri insidentin başlanmasının şahidi olan şəxsə istinadən yazır ki, qadınla kişi arasında küçədə mübahisə olub.

Mübahisənin nədən baş verdiyini bilmədiyini deyən şahid qeyd edib ki, qadın daha sonra evə qaçıb.

"Qadın evə girdikdən sonra kişi tapançasını çıxararaq atəş açmağa başladı. O, atəş açmağa başlayanda mən qaçdım, çünki heç nəyə görə gülləyə tuş gəlmək istəmədim", - deyə şahid bildirib.

Digər şahidlər ümumilikdə 30-40 atəş səsi eşitdiklərini deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR