Efiopiyada “İRS” jurnalının Amhar dilində ilk nəşri təqdim olunub

Efiopiyada “İRS” jurnalının Amhar dilində ilk nəşri təqdim olunub
# 31 mart 2017 10:52 (UTC +04:00)

Azərbaycan və Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyinin və “İRS” jurnalı redaksiyasının birgə təşkilatçılığı ilə sözügedən jurnalın Amhar dilində ilk nəşrinin təqdimatı keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir paytaxt Əddis-Əbəbənin ən mühüm tarixi məkanlarından biri olan “Milli Teatr”da təşkil olunub.

“İRS” jurnalının ilk dəfə Amhar dilində nəşr edilməsi son dövrlər Azərbaycanın Afrika qitəsi ölkələri və Efiopiya ilə genişlənən əlaqələrinin inkişafına töhfə vermək, ölkəmizin mədəniyyətini və zəngin maddi mədəni irsinin Afrika qitəsində, o cümlədən dünyanın qədim mədəniyyət ocaqlarından biri olan Həbəşistanda təşviq edilməsi məqsədi daşıyır.


Amhar dilində nəşr olunmuş jurnalda Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın “Qarabağ muğam məktəbi” adlı məqaləsi, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun jurnal oxucularına müraciəti, Azərbaycanda təhsil almış efiopiyalı məzun Seyfu Tirfunun Azərbaycanda yaşadığı dövrü əhatə edən xoş xatirələri və digər maraqlı materiallar öz əksini tapıb. Həmçinin jurnalda Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri, Xocalı soyqırımı, ölkəmizin iqtisadi inkişafı və turizm potensialı haqqında oxuculara ətraflı məlumat verilib.


Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı, Efiopiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tevolde Mulugeta, 30-dan artıq diplomatik nümayəndəliklərin rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, Efiopiyada fəaliyyət göstərən təhsil ocaqlarının müəllim və tələbə heyəti, yerli mətbuat nümayəndələri və ölkəmizdə təhsil almış Efiopiya vətəndaşları iştirak edib.


Tədbirdə çıxış edən səfir E. Abdullayev “İRS” jurnalının təsis edildiyi gündən Azərbaycan tarixinin və mədəniyyətinin dünyada təbliğ edilməsində xüsusi rol oynadığını qeyd edib. Səfir E. Abdullayev Amhar dilində nəşr edilmiş "İRS" jurnalının Efiopiya ictimaiyyətinə ölkəmizlə yaxından tanış olmaq imkanı yaradacağını, həmçinin xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb.


Təqdimat zamanı T. Mulugeta, H. Hacıyev, M. Mərcanlı və S. Tirfu çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR