“Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Təhsil sahəsi daha çox kütləni əhatə edir. Əyani tədrisi arzulayırıqsa, bu yol yalnız vaksinasiyadan keçir”. APA-nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib. O bildirib ki, təxminən 22 686 təhsil işçisi iki doza vaksin vurdurub: “Təhsil işçilərinin 80-90 faizi vaksinasiyadan keçməlidir ki, əyani tədrisi bərpa edək”.
BŞTİ müdiri qeyd edib ki, təhsil işçilərinin vaksinasiyada fəallığı göz önündədir: “Müəllimlərimiz ziyalı təbəqədir və hər zaman öndə olmalıdırlar. Bakının 7 rayonundakı məktəblər fəal vaksinasiyadan keçib. 37 məktəbdə 90 faiz heyət peyvənd olunub”.