Bakıda qadın məsləhətxanasında antenatal qulluğa dair tədbir keçirilib

Bakıda qadın məsləhətxanasında antenatal qulluğa dair tədbir keçirilib
# 08 avqust 2017 09:59 (UTC +04:00)

Bu gün Bakı şəhər Baş Səhiyyə İdarəsinin 9 saylı Qadın məsləhətxanasında antenatal qulluğa həsr edilmiş tədbir keçirilib.

APA-nın xəbərinə görə, Qadın məsləhətxanasının baş həkimi Tərifə İsgəndərova bildirib ki, müasir dövrün tələbi ana və uşaqlara xidmət səviyyəsinin daha da artırılmasıdır. Onun sözlərinə görə, Bakıda və regionlarda gələcək nəslin sağlamlığı naminə hamilə qadınların, dünyaya gələcək körpənin vaxtında müalicə və müayinəsi ciddi şəkildə təşkil olunur, nəzarətdə saxlanılır: "9 saylı Qadın məsləhətxanası Binəqədi rayonunda yaşayan 127408 qadın əhalisinə, 10 000 məcburi köçkün və qaçqın qadına tibbi xidmət göstərir. Cari ilin 7 ayı ərzində 1765 hamilə nəzarətə götürülüb. Onlardan 547 nəfəri risk qrupuna daxildir ki, bu hamilələr üzərində də daha ciddi ambulator və stasionar nəzarət vacibdir. Stasionar müalicəyə göndərilən hamilələrin sayı 223 nəfər təşkil edir".

T.İsgəndərova qeyd edib ki, qadın məsləhətxanalarında hamilələr Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Antenatal xidmət üzrə protokol əsasında müalicə və müayinə olunur. Onun sözlərinə görə, hamiləliyin hər bir dövrünə ciddi nəzarət olunur, hər hansı genital, ekstragenital, patoloji hal baş verərsə qadın dərhal mütəxəssislər tərəfindən nəzarətə götürülür və lazım gəldikdə hospitalizasiya həyata keçirilir.

Burada təşkil olunan analıq məktəblərində hamiləliyin hər üç trimestrinə aid müxtəlif mövzularda mühazirələr oxunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR