"IBA Tech" Akademiyası ikinci qəbul proqramına start verib

"IBA Tech" Akademiyası ikinci qəbul proqramına start verib
# 30 dekabr 2019 17:57 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının yaratdığı “IBA Tech” Akademiyasına bu gündən növbəti qəbul elan edilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yeni proqramın əsas özəlliyi ölkədə “Mobile development” sahəsində peşəkar mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq Akademiyada bu ixtisas üzrə də təhsil almaq imkanının yaradılmasıdır.

Belə ki, müraciət edən namizədlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. 50 namizədə “Backend”, 50 namizədə isə “Mobile development” (“Android”, “iOS”) sahəsində intensiv “bootcamp” kurslarında təhsil almaq imkanı yaradılacaq. Akademiyaya qəbul olunmaq istəyən şəxslər yanvarın 15-dək Akademiyanın rəsmi “Facebook” və internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az

Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə fevralın 3-dən başlanacaq və 3 ay davam edəcək.

“IBA Tech” Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi – 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Tələbələrin rahat gəliş-gedişi üçün nəqliyyat imkanları təmin edilir.

Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparır. “IBA Tech” Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək göstərir. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək verilir.

Azərbaycan Beynəlxalq Bankının belə bir Akademiya yaratmasında məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR