Ötən il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2,5% artıb

Ötən il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2,5% artıb
# 15 yanvar 2018 08:49 (UTC +04:00)

2017-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 2,5% üstələyərək 35,3 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət dövriyyəsinin 17,9 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,4 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 3,1% üstələyib.

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,8%-i içkilər və tütün məmulatlarının, 17,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ildə istehlak məhsullarının 11,8%-i ticarət müəssisələri, 55,5%-i fərdi sahibkarlar tərəfindən, 32,7%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,9%, fərdi sahibkarlar üzrə 2,1%,bazar və yarmarkalar üzrə 0,3% artıb.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 301,9 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 40,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR