Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibi son söz üçün məhkəmədən vaxt istəyib

Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibi son söz üçün məhkəmədən vaxt istəyib
# 09 mart 2017 14:06 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, mənimsəmədə təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov ötən iclasda prokurorun çıxışı ilə bağlı replika hüququndan istifadə edib. O qeyd edib ki, M. Həşimov zərərçəkmiş Ramazan Zeynalovdan 70 min manat məbləğində pulu borc kimi alıb ki, bu da dələduzluq əməli deyil.

Vəkil zərərçəkmiş tərəfin bütün mülki iddialarının məhkəmə tərəfindən rədd edilməsini istəyib.

Sonra təqsirləndirilən şəxs son söz demək üçün məhkəmədən vaxt istəyib.

Buna görə proses martın 13-dək təxirə salınıb.

Qeyd edək ki, prokuror M. Həşimova 11 il həbs cəzası istəyib.

"Medi Sina” klinikasının sahibi Muğdət Həşimov dələduzluq maddəsi ilə həbs edilib. İttihama görə, o, iş adamı Ramazan Zeynalovun (Hacı Mazan) 163 min manat vəsaitini mənimsəyib. Belə ki, R. Zeynalov müqavilə əsasında klinikanı M. Həşimova icarəyə verib.

Tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat edib.

“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib. İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR