"IBA Tech" Akademiyasına daha iki proqram üzrə qəbula start verilib

"IBA Tech" Akademiyasına daha iki proqram üzrə qəbula start verilib
# 24 yanvar 2020 15:08 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının yaratdığı “IBA Tech” Akademiyası “Data Analitikası” və “Kibertəhlükəsizlik və sistem inzibatçılığı” istiqamətləri üzrə yeni qəbul proqramını elan edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu proqramların hər biri üzrə Akademiyaya 25 tələbə qəbul olunacaq. Onlar 3 ay müddətində intensiv “bootcamp” kurslarında iştirak edərək müvafiq istiqamətlərdə proqramlaşdırma biliklərinə yiyələnəcəklər.

Azərbaycanın əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacı nəzərə alaraq yaradılmış “IBA Tech” Akademiyasının yeni qəbul proqramı üçün məhz “Data Analitikası”, eləcə də “Kibertəhlükəsizlik və sistem inzibatçılığı” istiqamətlərinin seçilməsi təsadüfi deyil. Data analitikası və kibertəhlükəsizlik məsələləri hazırda bütün dünyada getdikcə aktuallaşır. Bu sahənin peşəkar mütəxəssislərinə həm ölkədə, həm də qlobal əmək bazarında tələbat artır. “IBA Tech” Akademiyasında bu sahələr üzrə bilik və bacarıqlara yiyələnən tələbələr özlərinə qısa müddətdə uğurlu karyera qura biləcəklər. Bu istiqamətlər üzrə Akademiyaya qəbul olunmaq istəyən şəxslər 24 yanvardan 29 fevraladək Akademiyanın rəsmi Facebook və internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az

Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə martın 14-dən başlayaraq 3 ay davam edəcək.

“IBA Tech” Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi, 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Tələbələrin rahat gəliş-gedişi üçün nəqliyyat imkanları təmin edilir.

Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan “DAN.IT” təhsil mərkəzi metodoloji dəstək verir. Ötən ilin sentyabrında fəaliyyətə başlayan “IBA Tech” Akademiyasına ilk proqram üzrə qəbul olunmuş tələbələrin 90%-i təlim kurslarını uğurla başa çatdırıb. Onların 60%-i çox yüksək nəticələr göstərib. “IBA Tech” Akademiyasının ilk məzunlarından 50 nəfəri ixtisas istiqamətləri üzrə müxtəlif qurumlarda işlə təmin olunub. Məzunların qalan hissəsi isə əvvəldən ayrı-ayrı yerlərdə çalışan şəxslər və ali məktəb tələbələridir.

Qeyd edək ki, hazırda “IBA Tech” Akademiyasına “Backend” və “Mobile Development” proqramlarına qəbul üçün onlayn ərizə göndərmiş namizədlər arasından da seçim prosesi gedir. Həmin proqramlara qəbul olunmuş tələbələr fevralın 3-dən dərslərə başlayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR