Dövlət Sərhəd Xidmətinin (DSX) fəaliyyətində gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, gənclər arasında dövlət sərhədinin mühafizəsi sahəsində qazanılmış nailiyyətlərin təbliği əhəmiyyətli yerlərdən birini tutur.
DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, sərhədlərimizin mühafizə olunmasının əhəmiyyətinin daha dərindən dərk edilməsi, məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi pеşəsinə hörmət ruhundа tərbiyə olunması məqsədi ilə Dövlət Sərhəd Xidməti yeni layihəyə - sərhəd zastavalarında gənclər üçün hərbi-vətənpərvərlik düşərgəsinin təşkili layihəsinə start verib.
Bu layihə çərçivəsində ilk olaraq Bakı şəhərinin Nəsimi rayonundakı orta məktəblərin 7-10-cu sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay düşərgəsi təşkil olunub.
İyulun 12-də “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sərhədçi” hərbi-vətənpərvərlik düşərgəsinin təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Yay düşərgəsinin sərhəd zastavasının bazasında təşkil olunmasının əsas məqsədlərindən biri də gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət şəraiti, silah və texnika ilə yaxından tanış olmasından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarət olduğu qeyd edilib.
Müəllimlərlə yanaşı, şagirdlərin təlim-tərbiyə işləri ilə sərhədçi zabitlər məşgul olacaq, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, avtomat silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı, səmərəli və yaddaqalan edəcək.
Yay düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmış, məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli musiqili tədbirlərin, Azərbaycan kinomatoqrafçıları tərəfindən vətənpərvərlik mövzularında çəkilmiş filmlərin və Dövlət Sərhəd Xidmətinin fəaliyyətini əks etdirən videoçarxların nümayiş etdirilməsi nəzərdə tutulur. Yay düşərgəsi zamanı şagirdlər üçün Qəbələ rayonunun görməli yerlərinə, mədəniyyət ocaqlarına ekskursiyalar təşkil olunacaq, bu da məktəblilərin regionla yaxından tanış olmalarına imkan verəcək.