Prezident İlham Əliyev: "2016-cı ildə iqtisadiyyat inkişaf edib"

Prezident İlham Əliyev: "2016-cı ildə iqtisadiyyat inkişaf edib"
# 30 yanvar 2017 11:30 (UTC +04:00)

"Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə iqtisadiyyat inkişaf edib".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

Dövlət başçısı bildirib ki, ötən il qeyri-neft sərmayəsi 5 faiz artıb: "Apardığımız dərin islahatlar nəticəsində bu inkişafı təmin edə bilmişik. Bu gün də dünyada davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə təsir göstərdi. Ancaq digər ölkələrlə müqayisədə Azərbaycan minimum itkilərlə bu prosesdən çıxıb. Keçən il yüz mindən çox iş yeri yaradılıb. Biz Dövlət Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik, bu da mühüm hadisədir. Çünki neftlə zəngin ölkələr valyuta ehtiyatlarının əhəmiyyətli hissəsini xərcləyib. Neft Fondundakı vəsaitlər gələcəkdə də iqtisadiyyatımız üçün vacib olacaq".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda görülən işlərə beynəlxalq təşkilatlar da yüksək qiymət verir: "Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanla bağlı hesabatında yenə yüksək rəy bildirib. Ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 3 pillə qabağa gedərək 37-ci yerdə qərarlaşıb. İnkişaf reytinqinə görə isə Azərbaycan 80-ə yaxın ölkə arasında 1-ci, 2-ci yerdə qərarlaşıb. Bütün bunlar bizi də sevindirir. Bu, həm də dünyanın maliyyə qurumlarına bir siqnaldır. Ona görə də Azərbaycan üçün kredit almaq elə də problem deyil. Biz isə xarici kredit almağa o qədər də meyl göstərməməliyik, çünki xarici borcun artması yaxşı hal deyil. Xarici borc 20 faiz həcmindədir. Əslində bu, manatın devalvasiyası ilə bağlıdır. 20 faiz aşağı göstəricidir. Xarici borcu çox ehtiyatla almalıyıq. Yalnız strateji əhəmiyyət daşıyan layihələrlə bağlı borc ala bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR