Braziliyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama matçını keçirib.
APA-nın məlumatına görə, Covanni Kapraranın başçılıq etdiyi yığma yerli "Esporte Pinheiros"la ikinci oyununu keçirib.
Birinci qarşılaşmada 3:2 hesabı ilə qalib gələn voleybolçularımız bu dəfə eyni hesabla uduzublar.
Bununla da yığmamızın iyulun 11-də başladığı hazırlıq yekunlaşıb. Komandamız bu gün San-Pauludan tərk edəcək. Millimiz 2020-ci ildə təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnir üçün Braziliyanın digər şəhəri – Uberlandiyaya yollanacaq.
Avqustun 1-3-də təşkil olunacaq yarışda təmsilçimiz Braziliya, Dominikan Respublikası və Kamerunla birgə D qrupunda yer alıb. Yalnız qrup qalibləri mərhələ adlayacaq.
Qeyd edək ki, yığmamız Bolqarıstan, Rusiya və Türkiyədə də hazırlıq keçib.