Bakı – APA. “Lokomotiv” heyətini gücləndirməkdə davam edir. Bakı klubundan apasport.az saytına verilən məlumata görə, yeni mövsümdə iddialı olmağı planlaşdıran “dəmiryolçular” daha 2 voleybolçunun keçidini həll ediblər.
Belə ki, xorvatiyalı Hana Çutura və slovakiyalı Yaroslava Pencova yeni mövsümdən Bakı təmsilçisinin uğurları üçün çalışacaqlar. Onların hər ikisi ilə 1 illik müqavilə imzalanıb.
27 yaşlı Çutura son mövsümü Polşa “İmpel”ində çıxış edib. 192 sm boya malik hücumçu bunadək “Mladost” (2002-2006, Xorvatiya), “Kaliforniya Universiteti” (2006-2010, ABŞ), “Münster” (2010-2013, Almaniya) və “Red Rockets” (2013-2014, Yaponiya) klublarının şərəfini qoruyub.
“Mladost”la 4 dəfə Xorvatiya çempionu olan Hana 1 dəfə ölkə kubokunu da başı üzərinə qaldırıb.
2008-ci ildən yığmaya çağırılan Hana son illərdə isə əsas komandadan uzaqlaşdırılıb. Onun millidə ən yaxşı nəticəsi gənc yaşlarına təsadüf edib. Çutura 2003-cü ildə gənclər arasında Avropa çempionu olub.
25 yaşlı Pencova isə Almaniyanın "Dresdner" klubundan transfer olunub. 190 sm boya malik blokçu son 2 mövsümü bu komandada oynayıb və hər ikisində mövsümü çempion kimi başa vurub. Vətəni Slovakiyada yalnız Bratislava “Doprastav”ının şərəfini qoruyan Yaroslava burada 2 dəfə yerli çempionatın, 4 dəfə isə ölkə kubokunun sahibi olub.
Qeyd edək ki, Çutura və Pencovanın “Lokomotiv”ə gəlişi ilə komandadakı oyunçuların sayı 9-a çatıb. Bakı klubu onlara kimi türkiyəli toppaylayıcı Özge Kırdar Çemberci, amerikalı Kanani Danielson ilə anlaşıb, çexiyalı Aneta Havlikova və serbiyalı Aleksandra Srnçeviçlə müqavilənin müddətini artırıb. Həmçinin, ötən il 2 illik anlaşma imzalanan Oksana Kiselyova, Ayşən Abduləzimova və Ülkər Kərimova (hər üçü Azərbaycan) da komandada çıxışını davam etdirəcək.