Bakı – APA. “Çempion ola bilmədiyimizə görə məyusuq. Hesab edirəm ki, bu dəfə bizim komanda güclü idi”. Bu fikirləri apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında “Rabitə” Voleybol Klubunun prezidenti Cəlil Cəfərov deyib.
Komandasının Çempionlar Liqasının “Dördlər finalı”ndakı çıxışına münasibət bildirən Cəfərovun sözlərinə görə, həlledici oyunda “Vakıfbank”a məğlub olmalarında qarşılaşmanın Türkiyədə keçirilməsinin böyük rolu olub: “Ən yaxşı voleybolçularımız öz oyunlarını tam nümayiş etdirə bilmədilər. Buna baxmayaq, “Rabitə” qısa – 5-6 il ərzində 2 dəfə Çempionlar Liqasının gümüş mükafatçısı, klublararası dünya çempionatının qalibi və ikincisi, həmçinin CEV kubokunun üçüncüsü olub. Hesab edirəm ki, bu, qısa vaxtda böyük yüksəlişdir. Bunu tək mən deyil, Avropa Voleybol Konfederasiyasının rəhbərliyi də deyir ki, “Rabitə” çox yüksək pilləyə qalxıb. Türkiyə komandalarının, o cümlədən “Vakıfbank”ın çempion olması üçün bəlkə də 50 il çalışdığını qəbul etməliyik. Hesab edirəm ki, gümüş medal Azərbaycan üçün böyük nəticədir”.
Qeyd edək ki, finala qədər məğlubiyyətsiz irəliləyən “Rabitə” həlledici matçda “Vakıfbank”a 0:3 hesabı ilə uduzub.