Bakı – APA. Yeni mövsüm üçün hazırlıqlarını Bakıda davam etdirən “Lokomotiv” heyətinə daha bir voleybolçu qatıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Azərbaycan yığmasının hücumçusu Ülkər Kərimovanı rənglərinə bağlayıblar.
Son mövsümü “Azərreyl”də keçirən 20 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlanılıb. 178 sm boya malik Kərimova millinin heyətində Sloveniya və Bolqarıstandakı təlim-məşqlərdən sonra Bakıya qayıdaraq, artıq Teunis Buijsin rəhbərliyi altında hazırlıqlara başlayıb.
Qeyd edək ki, “Lokomotiv”in bununla da yeni transferlərinin sayı 13-ə çatıb. Bakı təmsilçisi Ülkərə qədər Oksana Kiselyova, Ayşən Abduləzimova (hər ikisi Azərbaycan), Valeriya Rosso, Valentina Arriqqetti (hər ikisi İtaliya), Karli Lloyd (ABŞ), İvana Dersilio (Serbiya), Lisa Tomsen (Almaniya), Enn Buijs, Quinta Stenbergen (hər ikisi Hollandiya), Aneta Havlikova, Sarka Kubinova (hər ikisi Çexiya) və Evangeliya Çantavanı (Yunanıstan) da rənglərinə bağlayıb.