Bakı – APA. “Rusiya yığması ilə oyun mənim milli karyeramda son matçdı. Yığmadakı çıxışlarımı başa vurmaq haqda qərar qəbul etmişəm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin və Rusiyanın “Omiçka” klubunun voleybolçusu Natalya Məmmədova deyib.
Avropa çempionatının Almaniya və İsveçrədə keçirilən final mərhələsində çıxışını erkən başa vuran yığmamızın 29 yaşlı kapitanı 9 ildir şərəfini qoruduğu millimizdən getməyə qərar verib.
Qrup mərhələsinin sonuncu turunda Rusiyaya 0:3 hesabı ilə uduzduqdan sonra Məmmədov qərarını belə izah edib: “Artıq gələn il 30 yaşım olacaq. Gənclərə özünü göstərmək imkanı verməyin vaxtı çatıb. Lakin millidən qəmgin gedirəm. Biz Avropa çempionatında bütün oyunlarda uduzduq, evə qayıdırıq. Hərçənd, çempionatın startına qədər fərqli nəticəyə ümid edirdik. Təəssüf ki, heç nə alınmadı. Çox üzgünəm”.
Qeyd edək ki, əslən Ukraynadan olan, milliləşdirilənə qədər Skazka soyadını daşıyan hücumçu millimizin qatıldığı bütün Avropa çempionatlarında (2005, 2007, 2009, 2011, 2013) yığmamızın şərəfini qoruyan azsaylı voleybolçulardandır.